Aşıq Ulduzun 70 illik yubileyi qeyd olunub

Aşıq Ulduzun 70 illik yubileyi qeyd olunub Nazir müavini Ədalət Vəliyev Mədəniyyət və Turizm Nazirliyinin Fəxri fərmanını yubilyara təqdim edib
İncəsənət
1 Oktyabr , 2015 11:42
Aşıq Ulduzun 70 illik yubileyi qeyd olunub

Bakı. 1 oktyabr. REPORT.AZ/ R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında əməkdar mədəniyyət işçisi, aşıq Ulduz Quliyevanın anadan olmasının 70 illiyinə həsr edilən yubiley tədbiri keçirilib.

"Report" xəbər verir ki, əvvəlcə aşığın fəaliyyətini əks etdirən videomaterial nümayiş olunub.Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev aşıq Ulduz Quliyevanın şərəfli aşıq sənətinin görkəmli qadın nümayəndələrindən biri olduğunu söyləyib. Keçən əsrin 60-cı illərindən aşıq sənətinə gələn Ulduz Quliyeva öz dəsti-xətti, öz nəfəsi, bənzərsiz ifa manerası ilə digər qadın aşıqlarımızdan fərqlənib. Onun bənzərsiz ifaları, "Aşıq Pəri" məclisində, dövlət tədbirlərində, televiziyada çıxışları hər zaman rəğbətlə qarşılanıb. Xalq tərəfindən sevilən aşığın əməyi ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib və ona əməkdar mədəniyyət işçisi fəxri adı verilib.
Aşıq sənətinin Azərbaycan dövlətinin milli mədəniyyət siyasətinin tərkib hissəsi olduğunu söyləyən nazir müavini vurğulayıb ki, ulu öndər Heydər Əliyevin humanitar mədəniyyət strategiyası bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində uğurla davam etdirilir. Çox sevindirici haldır ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib və xalqımızın bu ölməz sənəti haqlı olaraq dünya mədəniyyət inciləri sırasında özünə layiq yer tutub.
Ədalət Vəliyev Mədəniyyət və Turizm Nazirliyinin Fəxri fərmanını yubilyara təqdim edib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub atası, babası da bu sənətə xidmət edən Aşıq Ulduzun yetişdiyi aşıq mühitinin, Gədəbəy aşıq məktəbinin layiqli davamçısı olduğunu vurğulayıb. Onun nəfəsi, sözü, ifa tərzi ilə, Gədəbəy dağlarının saflığını, ucalığını bu sənətə gətirdiyini, ümumxalq məhəbbəti qazandığını söyləyib.
Filologiya elmlər doktoru, professor Məhərrəm Qasımlı, əməkdar mədəniyyət işçisi Aşıq Mahmud Məmmədov və digər çıxış edənlər Azərbaycan aşıq sənətinin tarixini, nəzəri əsaslarını, aşıq havalarının incəliklərini, klassik aşıqlarımızın yaradıcılığını, dastanlarımızı bilən və təbliğ edən, gənclərdə bu sənətə meyl və marağın güclənməsində böyük xidmətləri olan Ulduz Quliyevanın bu gün də gənclik şövqü ilə öz sənətini təbliğ etdiyini söyləyib.
Çıxış edənlər həm də yaradıcı aşıq kimi U.Quliyevanın 1984-cü ildə "Sazçı qızlar" ansamblı yaratdığını, onun "Ulduz" birliyinin sədri, "Qopuz" jurnalının təsisçisi və baş redaktoru olmaqla yanaşı, "Saz demirmi bəs", "Vüqarımı o dağlardan almışam", "Bir bahar axşamı xatırla məni" adlı şeir kitablarının müəllifi olduğunu vurğulayıb.
Sonda aşıq Ulduz Quliyevanın sənət dostları və yetirmələrinin ifasında konsert proqramı təqdim olunub.

Son xəbərlər

Orphus sistemi