Aleksandr Tuqanovun 145 illik yubileyi münasibətilə elmi-nəzəri konfrans keçirilib

Aleksandr Tuqanovun 145 illik yubileyi münasibətilə elmi-nəzəri konfrans keçirilib Azərbaycan Teatr Xadimləri İttifaqı görkəmli rejissoru yad edib
İncəsənət
16 May , 2016 17:29
Aleksandr Tuqanovun 145 illik yubileyi münasibətilə elmi-nəzəri konfrans keçirilib

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli rejissor Aleksandr Tuqanovun 145 illik yubileyi münasibətilə elmi-nəzəri konfrans keçirilib.

"Report" xəbər verir ki, konfransda TXİ-nın katibi, xalq artisti Hacı İsmayılov, Rafiq Əzimov, professor Məryəm Əlizadə, əməkdar incəsənət xadimi Aydın Talıbzadə, Rafiq Sadıxov, xalq artisti, rejissor Ağakişi Kazımov çıxış ediblər.

Sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə bildirib ki, Aleksandr Tuqanovun Azərbaycan teatrında rolu böyükdür: "Aleksandr Tuqanovla Cəfər Cabbarlı möhkəm dost olub və dostluğun nəticəsi Azərbaycan teatrının təkamülünə, formalaşmasına xidmət edib. Cəfər Cabbarlının sayəsində Azərbaycan teatrını öyrəndiyini deyən A.Tuqanov onun vaxtsız ölümündən sonra "Cəfərsiz keçirdiyim hər gün mənə itirilmiş gün kimi görünür" deyib. Aleksandr Tuqanovun evində görkəmli sənət adamlarının üzərində imzalarını qoyduqları süfrə olub və onun ölümündən sonra həyat yoldaşı həmin süfrəni Moskvada muzeyə təhvil verib. A.Tuqanov aktyorun ilk növbədə psixologiyanı yaxşı bilməli olduğunu deyib. O, Azərbaycan teatrını Stanislavski sistemi ilə tanış edən rejissordur". 

Professor, əməkdar incəsənət xadimi Aydın Talıbzadə isə A.Tuqanovun həyat və faəliyyətindən danışıb: "1891-ci ildə Tuqanov Sankt-Peterburqda, teatrda işə düzəlir. 1897-ci ildən Moskva teatrlarında aktyor kimi əsas rolları ifa edir. O dövrdə Moskvada Stanislavski, Meyerxold kimi teatr nəhəngləri var idi. Tuqanov özünü onların arasında görə bilmir və əyalət teatrlarına üz tutur. A.Tuqanov 538 rol ifa edib və 2 332 dəfə səhnəyə çıxıb. 1923-cü ildə Gürcüstanın əməkdar artisti adını alan A.Tuqanovu gürcülər milli teatrlarına yaxın buraxmırlar. A.Tuqanov Gürcüstanda fəaliyyət göstərən rus teatrlarında çalışır və 1924-cü ildə Bakıya gəlir. Tuqanov ömrünün qalan hissəsini Bakıya bağlayır. Azərbaycan teatrının tarixində onlarla tamaşaya quruluş verən rejissorun ən yaddaqalan əsərləri sırasında "Hamlet", "Od gəlini", "Gülən adam" tamaşalarını göstərmək olar. Azərbaycan Teatr Muzeyində A.Tuqanovun üzərində çalışdığı əyalətlərin adları olan köynəyi saxlanılır". 

Daha sonra rejissor, xalq artisti Ağakişi Kazımov Azərbaycan Teatr Muzeyinə A.Tuqanovla birlikdə çəkdirdikləri şəxsi arxivindən olan nadir fotoşəkili hədiyyə edib.

Son xəbərlər

Orphus sistemi