Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Böyük Britaniyanın dünyaca məşhur "Qlobus" Teatrı və Makedoniyada fəaliyyət göstərən teatrlardan biri ilə danışıqlar aparır. Bu barədə "Report"a Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov məlumat verib.
O qeyd edib ki, rəhbərlik etdiyi teatr yeni mövsümdə maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gələcək: "Hazırda teatrımızda yeni tamaşaların məşqləri başlayıb. Yeni mövsümdə Makedoniyada fəaliyyət göstərən teatrlardan birinin bizim teatra qonaq gəlməsini gözləyirik. Artıq dəvətimiz qəbul edilib. Makedoniya teatrından başqa, Böyük Britaniyanın dünyaca məşhur "Qlobus" Teatrına da dəvət göndərmişik. Akademik Milli Dram Teatrı dünyanın aparıcı teatrları ilə əməkdaşlıq etmək niyyətindədir. Öz içimizə qapanıb qalmaqla inkişaf olmaz".
İ.İsrafilov deyib ki, yeni mövsümdə xarici teatrları dəvət etməkdə məqsədləri tamaşaçılara maraqlı səhnə əsərləri təqdim etməkdir.