Bakı. 2 aprel. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə respublikanın tanınmış musiqiçiləri, aparıcı təhsil müəssisələrinin təcrübəli müəllimlərinin iştirakı ilə rayon, şəhər və kənd uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri təşkil edir.
"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.
2015-ci ilin fevralında Bakı və Sumqayıt şəhərlərində Sumqayıt şəhər, Abşeron, Xızı rayon uşaq musiqi və incəsənət məktəblərinin, habelə bölgədə fəaliyyət göstərən Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon uşaq musiqi məktəblərinin (cəmi 43 məktəb) müəllim və şagirdləri üçün tar, kamança, saz və violin ixtisasları üzrə ustad dərsləri keçirilib. Bu dəfəki dərslər isə aprelin 11-də Quba şəhərində Quba, Xaçmaz, Şabran, Qusar, Siyəzən rayon uşaq musiqi və incəsənət məktəblərinin, aprelin 22-də Ağcabədi şəhərində Ağcabədi, Beyləqan, Füzuli, İmişli, Zərdab rayon, habelə bölgədə fəaliyyət göstərən Laçın və Xocavənd rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün fortepiano, tar, kamança və xanəndəlik ixtisasları üzrə ustad dərslərinin keçirilməsi olacaq.
Qeyd edək ki, ustad dərslərini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları, xalq artisti Ramiz Quliyev və əməkdar incəsənət xadimi Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, xalq artisti Zabit Nəbizadə və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin metodist-müəllimi Zərifə Məmmədyarova aparacaq.