ADNSU-da "Fitnə" filmi nümayiş etdirilib

ADNSU-da "Fitnə" filmi nümayiş etdirilib Tədbirdə universitetin rektoru Hafiz Babanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iştirak edib
İncəsənət
1715
5 Dekabr , 2016 13:27
ADNSU-da Fitnə filmi nümayiş etdirilib

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Fitnə" filmi nümayiş etdirilib. 

"Report" xəbər verir ki, tədbirdə universitetin rektoru Hafiz Babanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, onun müavini Səyavuş Heydərov iştirak edib.

Nümayişdən sonra çıxış edən rektor Hafiz Babanlı bildirib ki, bəzən ali təhsilli insanlar da qurama işlərin qurbanına çevrilirlər: "Bizdə də bu sahədə müəyyən boşluqlar var. Çalışmalıyıq ki, bu sahədə səylərimizi daha da gücləndirək. Suriyaya getməklə nəyə nail olunur?! Bunu etməkdənsə gənclər öz gələcəyi üçün təqdirəlayiq addımlar atmalıdırlar. Filmin bu qədər təsirli olacağını düşünməzdir".

Rektor deyib ki, ADNSU-da təhsil alanlar sıradan gənclər deyil: "500-dən artıq bal toplayan gənclərin 50 faizi məhz bu təhsil ocağını seçib. Ona görə də burada oxuyan hər bir tələbənin həyatına cavabdehik. Müstəqillik tarixi o qədər də çox olmayan Azərbaycanda yaradılan şərait idealdan da yaxşıdır. Bu səbəbdən sahib olduqlarımızı düzgün şəkildə qorumağı bacarmalıyıq".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə vurğulayıb ki, film gəncləri radikal dini qrupların təsirindən qorumağın təbliğinə yönəlib: "Ekran işi dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edir. Maarifləndirici səciyyə daşıyan film milli-mənəvi dəyərlərin qorunması, ölkədə tolerantlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir".

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə lentə alınan filmdə tanınmış din xadimləri, alimlər çəkiliblər. Onlar gənclərin məlumatlılığının artırılması, radikal dini hərəkatların təsiri altına düşməməsi üçün təhsilin əhəmiyyəti haqqında danışırlar. 

Son xəbərlər

Orphus sistemi