Bakı. 3 mart. REPORT.AZ/ Ölkədə informasiya cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biri olan “Xalq kompüteri” layihəsi bu il də davam etdirilir. Artıq layihə çərçivəsində güzəştli şərtlərlə əldə olunan kompüterlərin sayı 25 300-ə çatıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, "Hər ailə üçün kompüter” şüarı altında həyata keçirilən layihədə təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25%-dən 40%-ə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.
“Xalq kompüteri” layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.
Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə “Microsoft” və “HP” şirkətləri tərəfindən təqdim edilir, təchizat isə “BestComp Group” şirkəti tərəfindən həyata keçirilir.