Tahir Budaqov BMT-nin Əhali Fondunun regional direktoru ilə görüşüb

Tahir Budaqov BMT-nin Əhali Fondunun regional direktoru ilə görüşüb DSK sədri: “Demoqrafiya və əhali sakinliyi sahəsində müsbət göstəricilər müşahidə olunur”
İKT
8 İyun , 2016 16:58
Tahir Budaqov BMT-nin Əhali Fondunun regional direktoru ilə görüşüb

Bakı. 8 iyun. REPORT.AZ/ Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru Karl Kulessa ilə görüşüb. 

“Report” xəbər verir ki, görüşdə Komitə ilə BMT-nin Əhali Fondu arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşün əsas məqsədi UNFPA və Azərbaycan hökuməti arasında məhsuldar əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətləri müzakirə etmək, Azərbaycanda 2014-cü ildən sonra Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın tövsiyələrini milli səviyyədə həyata keçirmək və UNFPA-nın müvafiq istiqamətlər üzrə dəstəyini yenidən təsdiqləməkdən ibarətdir.

DSK sədri Tahir Budaqov bildirib ki, demoqrafiya və əhali sakinliyi sahəsində müsbət göstəricilər müşahidə olunur: “Azərbaycanda demoqrafik vəziyyətin və əhalinin orta illik artım göstəricilərinin yaxşılaşmasına, gözlənilən ömür uzunluğunun uzadılmasına, müsbət miqrasiya saldosuna, eləcə də əhali sahəsində digər göstəricilərin müsbət tendensiyasına nail olunub. Əhali və demoqrafiya statistikası sahəsində mövcud olan rəsmi statistika hesabatı formaları daim təkmilləşdirilir, gender bölgüsündə yeni göstəricilər əldə olunub. BMT-nin İqtisadi və Sosial Şurasının Qətnaməsinə Əhali və mənzil fondunun siyahıyaalınması üzrə Ümumdünya Proqramının 2020-ci il mərhələsinə uyğun olaraq, üzv ölkələrə 2015-2024-cü ilərdə ən azı bir dəfə siyahıyaalınmanın keçirilməsi tövsiyə edilib. Demoqrafik inkişafın daha dolğun qiymətləndirilməsi, sosial-iqtisadi inkişafla bağlı proqnoz və strategiyaların hazırlanması məqsədilə ölkədə əhalinin beynəlxalq standartlara və milli prioritetlərə əsaslanan növbəti siyahıyaalınmasının keçirilməsi nəzərdə tutulur”.

BMT-nin Əhali Fondunun regional direktoru Karl Kulessa deyib ki, Azərbaycanda demoqrafiya və əhali sakinliyi sahəsində müsbət meyllər nəzərə çarpır: “Qəbul olunması nəzərdə tutulan yeni Dövlət Proqram bu sahədə mühüm rol oynayacaq. UNFPA öz fəaliyyətlərində əhəmiyyətli nailiyyətlər əldə edib. DSK-nı yüksək qiymətləndirir və uzun müddətdir ki, onu beynəlxalq səviyyədə qəbul olunan üsullardan istifadə edərək məlumatların toplanması, təhlilində bacarıqlı və peşəkar tərəfdaş kimi tanıyırıq. Hazırda UNFPA Komitə üçün SAS proqram təminatının təqdim olunması üzrə təşəbbüs irəli sürmək niyyətindədir. Əhalinin təbii hərəkəti və miqrasiyasına xüsusi diqqət yetirməklə bu proqram təminatının tətbiq edilməsinə dair potensialın artırılması üzrə treninqin bu il iyulun 11-15-də Bakıda keçirilməsi nəzərdə tutulub”.

Görüşdə Azərbaycanda keçiriləcək növbəti əhalinin siyahıyaalınması prosesində əvvəlki siyahıyaalınmada nəzərə alınmayan məsələlər və siyahıyaalınmanın sorğu vərəqinin təkmilləşdirilməsinin vacibliyi, beynəlxalq müqayisəliliyin təmin olunması məsələlərinə də toxunulub.

Sonda əməkdaşlığın perspektivləri ətrafında məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi