Sabiq rabitə naziri: “İran müqavilə şərtlərini indiyə qədər pozur"

Sabiq rabitə naziri: “İran müqavilə şərtlərini indiyə qədər pozur" “Bir sərhədyanı ölkənin radio və TV siqnallarının qonşu ölkənin sərhəd boyu ərazisində 60 km-ə qədər məsafədə yayılması VHF və UHF tezliklərinin (88 – 800 MHs) fiziki xüsusiyyətlərinə görə normal prosesdir”.
İKT
19 Avqust , 2022 16:45
Sabiq rabitə naziri: “İran müqavilə şərtlərini indiyə qədər pozur
Siruz Abasbəyli

“Bir sərhədyanı ölkənin radio və TV siqnallarının qonşu ölkənin sərhəd boyu ərazisində 60 km-ə qədər məsafədə yayılması VHF və UHF tezliklərinin (88 – 800 MHs) fiziki xüsusiyyətlərinə görə normal prosesdir”.

“Report” xəbər verir ki, bunu sabiq rabitə naziri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın sədri Siruz Abasbəyli deputat Cavanşir Paşazadənin sərhədyanı bölgələrdə İran və Gürcüstanın teleradio kanallarının yayımlanması barədə fikirlərini şərh edərkən deyib.

O, hesab edir ki, qonşu ölkələr tezlikləri, vericilərin gücünü, antenaların istiqamət diaqramını koordinasiya etməklə bu maneələri aradan qaldıra və yaxud minimal səviyyəyə çatdıra bilərlər: "Koordinasiya iki qonşu ölkənin administrasiyaları arasında ikitərəfli danışıqlar yolu ilə, razılaşma əldə edilmədikdə Beynəlxalq Telekommunikasiya Təşkilatının (İTU) iştirakı ilə üçtərəfli danışıqlar yolu ilə həyata keçirilir. Lakin İTU digər BMT təşkilatları kimi, yalnız tövsiyə xarakterli direktivlər qəbul edir, məcbur etmə funksiyasına malik deyil.

Azərbaycan yuxarıda göstərilən yollarla İrandan başqa digər qonşu ölkələrlə, demək olar ki, koordinasiya prosesini müvəffəqiyyətlə həyata keçirməkdədir.

Azərbaycan İRİ ilə koordinasiya prosesinə hələ Sovet dönəmində başlamışdı. 1984-cü ildə Tehranda İranın hökumət üzvləri ilə SSRİ KP MK, SSRİ KQB, SSRİ Rabitə Nazirliyi, Azərbaycan KP MK, Azərbaycan KQB, Azərbaycan Rabitə Nazirliyinin nümayəndələrinin birgə görüşü keçirilmişdi. Nümayəndə heyətinin tərkibində Azərbaycan KP MK-nın məsul işçisi kimi mən də iştirak edirdim. Görüş zamanı hər iki tərəfin radio-televiziya dalğalarının sərhəd zonalarında bir-birinə maneçilik törətmələri haqda geniş müzakirələr aparıldı. Qərarlar qəbul edildi, protokollar imzalandı, yəni bir ortaq məxrəcə gəldik. Bu razılaşmanın ömrü bir neçə ay çəkdi. Həmişəki kimi, İran tərəfi müqavilələrin şərtlərini pozmağa başladı. Bizim dəfələrlə müraciətimiz nəticəsiz qalırdı. İran tərəfi hər zaman həyasızcasına müqavilələrin şərtlərini pozurdu və bu hal indiyə kimi davam edir”.

Sabiq nazir qeyd edir ki, həmin məsələ ilə bağlı 1990-cı ildə İranla danışıq aparılıb: “1990-cı ildə Bakıda keçirilən SSRİ və İİR administrasiyalarının nümayəndə heyətinin (nümayəndə heyətinin tərkibinə rabitə nazirinin müavini və “Aztelekom”un direktoru kimi mən də daxil idim) tərkibində Azərbaycan rəsmiləri də var idi və tam olmasa da, müəyyən irəliləyişlər əldə edilib. Müstəqillik dövründə administrasiyalar arasında kontaktlar davam etdirilir.

Təəssüf ki, İran bir çox hallarda koordinasiya təklifləri ilə razılaşmır, koordinasiya edilmiş tezliklərdə razılaşmış parametrdən daha artıq güclü vericilər istifadə edir və ən başlıcası koordinasiya edilməmiş tezliklərdə yayım edərək Azərbaycan dinləyicisi və ya tamaşaçısına yönəlmiş təbliğatı ölkəmizin ərazisində yaymağa davam edir. Bəzi hallarda Azərbaycan üçün ayrılması razılaşdırılmış tezliklərdə kənar müdaxilə yayımları edilir. Ölkənin cənub bölgəsində bu yayımlar inamlı qəbulla, Bakı da daxil olmaqla ölkənin 70% ərazisində isə müxtəlif keyfiyyətlə qəbul edilə bilir.

Buna səbəb İİR-nin sərhədyanı bölgədə hakim yüksəkliklərdə (Kuhi-Səngər, Parsabad, Muğan Aslandüz, Culfa və s.) güclü (5 kVt və daha artıq) radio və TV vericilərini yerləşdirməklə siqnalların ərazimizin böyük hissəsinə yayılmasıdır. İran radio və TV proqramları yalnız dövlət və əyalət proqramları olaraq çox saya malik deyildir, lakin tezlikləri tutmaq, daha müxtəlif kanallardan müdaxilə etmək üçün daxili zərurət olmadan eyni proqram eyni stansiyadan 5-10 kanalda yayımlanır, bu da bir çox hallarda Azərbaycan proqramlarının ölkə ərazisində maneəsiz yayımını ciddi surətdə əngəlləyir. İranda, ümumiyyətlə, özəl radio-televiziya kanalları yoxdur. Yalnız dövlət radio-televiziya kanalları, verilişləri mövcuddur. Sərhədyanı stansiyalardan Azərbaycan dinləyicisinə yönəlmiş, Azərbaycan dilində proqramlar yayımlanır (Ərdəbil FM, Təbriz FM, Aran FM radioları və bir çox digər TV kanalları)".

"Koordinasiya cəhdləri baş tutmayan tezliklərdə təbliğat məqsədli yayımla mübarizə üçün həmin kanalların bloklanmasından istifadə edilə bilər (və edilir), baxmayaraq ki beynəlxalq müqavilələr, o cümlədən İTU radio qaydaları buna icazə vermir. Bloklama olaraq ölkə ərazisində qanunsuz müdaxilə edilən tezlikdə, FM və ya TV verici ilə yayım etməklə həmin müdaxilənin 40-60 km radius olan ərazidə qarşısı alınır. Bloklama vericisi ilə respublikada hər hansı bir kanal yayımlana və ya sadəcə modulyasiya edilməyən siqnal ötürülə bilər. (Faydalı kanal yayımlandıqda bizim və qonşu ölkə vericisinin təsir dairəsinin sərhədində faydalı proqramın keyfiyyəti qəbuledilməz səviyyədə düşür ki, bu da izləycilərin və ya proqram yayımçısının narazılığına səbəb ola bilər.

40-60 km radiusu əhatə etmək üçün güclü vericilərdən istifadə edilməsi tələb edilir ki, bu da müdaxilə kanallarının sayının çoxluğu və bloklama tələb edilən ərazinin böyüklüyünü nəzərə alaraq böyük investisiya, enerji və istismar xərclərinə səbəb olur. Həmçinin qarşı tərəf bloklamanı aşkar etdikdə tezlikləri müntəzəm dəyişməklə bloklamadan yayınmağa çalışır. Yəni başqa tezliklərə keçə bilirlər.

Xərcləri azaltmağın bir yolu yalnız rayon mərkəzlərində 100-500 Vt-lıq kiçik güclü bloklayıcı vericilər istifadə etməklə əhalinin sıx yaşadığı ərazilərdə kənar müdaxilənin qarşısının alınmasıdır. Bu, effektiv metod olsa da, nəzərə almaq lazımdır ki, FM radioları əsasən avtomobillərdə izlənilir və bu halda bloklama vericisindən 10-15 km uzaqlaşdıqda, magistral və yerli əhəmiyyətli yollarda kənar müdaxilə qəbul edilməkdə davam edəcəkdir.

Bu problemlərin ən effektiv yolu bölgələrdə özəl radiostansiyaların quraşdırılması ola bilər. Yəni arzu edən radio həvəskarları, bölgələrdə özəl radio verilişləri təşkil etmək arzusunda olanlara nazirlik məmnuniyyətlə texniki yardım göstərə bilər.

Bloklama yaxın perspektivdə kənar müdaxiləni qismən aradan qaldıra bilər. Uzaq perspektivdə texniki görüşlərlə, İTU-nu cəlb etməklə, diplomatik səylərlə tezliklərin koordinasiya edilməsi, digər ölkənin izləyicisinə yönəlmiş kontentin yayımlanmamasına nail olmaq daha perspektivli variantdır. Lakin bu, siyasi və digər dəyişən situasiyalardan daha çox asılıdır. Bizim deputat korpusumuz da müxtəlif dövlətlərə işçi məzuniyyətləri zamanı bu problemləri qaldıra bilər. Bu problemlər bütün dünyada yaşanır”, - deyə ekspert əlavə edib.

Son xəbərlər

Orphus sistemi