RYTN I Avropa Oyunları ilə bağlı qərar qəbul edib

RYTN I Avropa Oyunları ilə bağlı qərar qəbul edib Qərarın icrasına nəzarət nazirin birinci müavini İltimas Məmmədova tapşırılıb
İKT
5 İyun , 2015 12:16
RYTN I Avropa Oyunları ilə bağlı qərar qəbul edib

Bakı. 5 iyun. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Kollegiyası I Avropa Oyunlarının telekommunikasiya, internet, mobil və radiorabitə xidmətləri, radiotezliklərlə təminatı, informasiya təhlükəsizliyi, telekommunikasiya şəbəkə və obyektlərinin dayanıqlığının hazırlıq vəziyyəti haqqında qərar qəbul edib.

“Report” Nazirliyə istinadən bildirir ki, qərara əsasən, sadalanan istiqamətlər üzrə görülmüş işlərin lazımi səviyyədə yerinə yetirilməsi və başa çatdırılması nəzərə alınmalıdır.

Qərarda qeyd olunur ki, I Avropa Oyunlarına hazırlıq ərəfəsində və Oyunların keçiriləcəyi müddətdə RYTN-in öhdəliklərinin lazımi səviyyədə icra edilməsi nəzarətdə saxlanılacaq. RYTN-də iyunun 30-dək Oyunlarla əlaqədar “Qaynar xətt” xidməti fəaliyyət göstərəcək.

“Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) inteqrasiya qrupunun iclaslarında iştirak təmin ediləcək və iclasların qərarları üzrə müvafiq tədbirlər görülək. RYTN-in birlik və müəssisələri, mobil və özəl telekommunikasiya operatorlarına BAOƏK-lə razılaşdırılaraq nazirlikdən göndərilən müvafiq tapşırıqların icrasına ciddi nəzarət ediləcək.

Bakı şəhərinin zəruri ərazilərində “Wi-Fi” xidmətlərinin keyfiyyətinə nəzarət təmin ediləcək. Oyun və təşkilati məkanlara çəkilmiş optik və mis kabellərin normal fəaliyyəti, mühafizəsi təmin ediləcək və ciddi nəzarətdə saxlanılacaq, bu məkanlara çəkilmiş stasionar telefonların normal işi təmin ediləcək.

I Avropa Oyunlarının “Azerspace-1” peyki üzərindən yayımının təşkilinə ciddi nəzarət ediləcək. Xüsusi Dövlət Mühafizə Xidmətinin Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən dövlət və strateji saytların mühafizəsinin və “Tetra” radio avadanlıqların işinin nəzarətdə saxlanıldığı nəzərə alınacaq. Elektron Təhlükəsizlik Mərkəzi ISP-lərin internet xidmətlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə işləri davam etdirəcək.

“Azercell Telecom”, “Bakcell” və “Azerfon” ölkə ərazisində və magistral avtomobil yollarında, xüsusilə oyun və təşkilati məkanlarda 2G, 3G, 4G mobil xidmətlərinin yüksək keyfiyyətlə göstərilməsini təmin edəcək.

Qeyd edək ki, qərarın icrasına nəzarət nazirin birinci müavini İltimas Məmmədova tapşırılıb.

Son xəbərlər

Orphus sistemi