Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC “Qars müqaviləsi – 100 il” mövzusunda yubiley poçt markaları dövriyyəyə buraxıb.
Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.
Buraxılış 8 markadan ibarət vərəq şəklində hazırlanıb. Poçt markası 103 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.
Markanın müəllifi rəssam Vüqar Əyyubovdur.
Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.
Oktyabrın 13-də “Qars müqaviləsi”nin bağlanmasının 100 ili tamam olur. “Qars müqaviləsi” mühüm tarixi əhəmiyyətə malikdir. Müqavilə ilə Naxçıvanın statusu təsbit olunub və tərəflər onun muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəlib.

