Azərbaycan GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub

Azərbaycan GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub
İKT
238
7 Avqust , 2020 12:28
Azərbaycan GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə işçi qrupunun növbəti – 5-ci iclası “COVID-19” pandemiyası ilə əlaqədar onlayn formatda keçirilib.

"Report" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, üzv ölkələrin aidiyyəti qurumlarının rəsmilərinin qatıldığı virtual tədbirdə ölkəmizi bu nazirliyin, eləcə də  Xarici İşlər Nazirliyinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Regional İnnovativ Texnologiyalar Akademiyasının nümayəndələri təmsil ediblər.

Tədbirdə Bakı Zirvə Toplantısında (18-19 iyun 2007-ci il) GUAM Dövlət Başçıları Şurasının qəbul etdiyi, təşkilat çərçivəsində sahələr üzrə əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən GUAM-ın Sahəvi Əməkdaşlığının İnkişafı Strategiyasının icrasının müzakirəsi aparılıb.

Həmçinin, üzv ölkələr arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, rəqəmsal iqtisadiyyatın və informasiya cəmiyyətinin, eləcə də innovasiya ekosistemlərinin inkişafı sahəsində təcrübə mübadiləsi mövzuları müzakirə predmeti olub.

Tədbirdə “COVID-19” pandemiyası dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən vətəndaşların nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən, internet, mobil rabitə xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə gördüyü tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verilib.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın təsis etdiyi beynəlxalq regional təşkilat olan GUAM-a bu il ölkəmiz sədrlik edir. Azərbaycanın sədrliyinin prioritetləri kimi təşkilat çərçivəsində nəqliyyat və ticarət sahələrində əməkdaşlıq məsələləri, vacib əməkdaşlıq istiqamətləri olaraq İKT, kiçik və orta sahibkarlıq, energetika, turizm və bir neçə digər sahələr qəbul edilib. Koronavirus pandemiyası səbəbindən Azərbaycanın təşkilatda sədrliyi çərçivəsində cari ilin mart-aprel aylarında planlaşdırılan bir sıra tədbirlərin həyata keçirilməsi mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi