Nazir: "Azərbaycanda mobil rabitə abunəçilərinin sayı əhalinin 106%-ni təşkil edir"

Nazir: "Azərbaycanda mobil rabitə abunəçilərinin sayı əhalinin 106%-ni təşkil edir" Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) öz üzvləri üçün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı və nitqi ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib.
İKT
19 Dekabr , 2017 17:42
Nazir: Azərbaycanda mobil rabitə abunəçilərinin sayı əhalinin 106%-ni təşkil edir

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) öz üzvləri üçün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı və nitqi ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib.

“Report”un verdiyi xəbərə görə, diplomatik korpusun nümayəndələri də daxil olmaqla, təqribən, 150 qonaq tədbirdə iştirak edib.

Nazir Ramin Quluzadə bildirib ki, Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının 2017-ci il üçün İKT-nin İnkişaf İndeksi üzrə hesabatında dünya ölkələri arasında 65-ci yeri tutur. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında isə 2-ci yerdədir. Onun sözlərinə görə, Azərbaycan əhalisinin, təqribən, 80%-i internet istifadəçisidir və ölkədə mobil rabitə abunəçilərinin sayı əhalinin 106%-ni təşkil edir”.

Sektor üzrə həyata keçirilən digər layihələrdən danışarkən nazir “Elektron ticarət”in inkişafına hesablanan “Poçt HUB” layihəsini qeyd edib. O bildirib ki, layihəyə əsasən, Çindən sifariş olunan e-ticarət məhsulları "Silk Way" aviaşirkəti vasitəsilə Azərbaycana gətirilir, “Azərpoçt” bu məhsulları tranzit mərkəzdə çeşidləyir və ünvanı üzrə göndərir. Hazırda dünyanın 17 ölkəsi, o cümlədən ABŞ ilə bu istiqamətdə əməkdaşlıq edilir.

Azərbaycan hökumətinin təşəbbüsü ilə reallaşdırılması nəzərdə tutulan “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsindən danışan R.Quluzadə bildirib ki, bu il “Bakutel-2017” sərgi-konfransı çərçivəsində iştirakçı ölkə və operatorlarla həlledici görüş keçirilib və layihənin reallaşdırılması üçün birgə büdcənin yaradılması tam olaraq razılaşdırılıb.

Nazir həmçinin regionda ilk olaraq Azərbaycanda ən effektiv və müasir səviyyədə sterilizasiya aparılmasına imkan verən yüksək gücə və məhsuldarlığa malik radiasiyanın sterilizasiyası qurğusunun yaradıldığını və bunun iş adamlarına beynəlxalq standartlara cavab verən steril məhsullar istehsal etməyə imkan yaratdığını bildirib.

Startapçılar üçün münbit şərait və ekosistem yaradıldığını deyən R.Quluzadə bunu dövlətin innovativ iqtisadiyyatın perspektiv inkişafına ən real dəstəyi kimi qiymətləndirib. O, yeni İnnovasiya Mərkəzinin yaradılmasının planlaşdırıldığını da qeyd edib.

Azərbaycanın beynəlxalq tranzit daşımalar üçün əlverişli coğrafi mövqeyə malik olduğunu vurğulayan nazir yeni istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol adlandırıb. 

“Bu gün ölkədə avtomobil yolları yenilənir. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına investisiya qoyulur. Ələt qəsəbəsində yeni beynəlxalq dəniz limanının inşasını xüsusi qeyd etmək istərdim. Bu layihə Azərbaycanın tranzit nəqliyyat-logistika qovşağına çevrilməsində böyük əhəmiyyətə malikdir”, - deyə nazir bildirib.

Qeyd edək ki, Palatanın təşəbbüsü olan və “Amcham Azerbaijan” tərəfindən hər ay təşkil olunan işgüzar naharda yüksək vəzifəli hökumət rəsmiləri, parlamentin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi