"Kağızsız Hökumət" layihəsinə dair yeni həll təqdim edilib

"Kağızsız Hökumət" layihəsinə dair yeni həll təqdim edilib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) dövlət qurumları arasında maneəsiz əlaqəni asanlaşdıran yeni həll təqdim edib.
İKT
10 İyun , 2023 14:35
Kağızsız Hökumət layihəsinə dair yeni həll təqdim edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) dövlət qurumları arasında maneəsiz əlaqəni asanlaşdıran yeni həll təqdim edib.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, qurum elektron sənəd dövriyyəsi sistemlərinin inteqrasiyası üçün vahid şlüzün hazırlanması istiqamətində görüş keçirib. Görüşdə 30-a yaxın dövlət qurumunun aidiyyəti istiqamət üzrə rəhbər məsul şəxslərinə istifadə etdikləri Elektron Sənəd Dövriyyəsi (ESD) sistemindən asılı olmayaraq dövlət qurumları arasında maneəsiz əlaqəni asanlaşdıran yeni həll təqdim edilib.

Agentliyin sədrinin müavini Rəşad Xalıqov görüş iştirakçılarına Milli Məlumat Mübadiləsi platformasının təkmilləşdirilməsi və qurumlararası sənəd dövriyyəsinin kağızsız formada təmin edilməsindən bəhs edib. O, bildirib ki, Milli Məlumat Mübadiləsi platforması və mübadilə standartlarının hazırlanması mövcud istifadə olunan ESD-lərin inteqrasiyasına və kağızsız hökumətə sürətlə keçidi təmin edəcək: "Dövlət orqanlarında ESD proqram təminatından istifadə olunsa da, həmin dövlət qurumları arasında sənədlərin mübadiləsi fiziki formada həyata keçirilir. Dövlət qurumlarında bir çox elektron sənəd dövriyyəsi sistemləri mövcuddur və onlar müxtəlif yerli İKT şirkətlərinə məxsus olduqları üçün inteqrasiya prosesində çətinliklərlə qarşılaşırdılar. Yeni həll tam kağızsız mübadilə və müxtəlif yerli İKT şirkətlərinin həllərinin inteqrasiyasını təmin etmək üçün ümumi şlüz və sənəd mübadiləsi standartlarını təqdim edir. İyunun 1-də RİNN-lə Maliyyə Nazirliyi arasında sözügedən istiqamətdə pilot layihə uğurla yekunlaşıb”.

Eyni zamanda sistemin işləmə prinispindən bəhs edən R. Xalıqov beynəlxalq təcrübədə sınanmış bu arxitekturada açıq standartların (API, şifrələmə və s.) tətbiqindən danışıb: “Bu şlüz dövlət idarələri arasında bütün növ sənədlərin sürətli elektron mübadiləsinə xidmət edir. Biz istənilən sistemə funksionallıq əlavə etmək imkanı yaradan tətbiq proqramlaşdırma interfeysi (API) və standartlar yaratmışıq. Sözü gedən standartlar dövlət qurumlarında istifadədə olan ESD-lərin qarşılıqlı inteqrasiyasına imkan verəcək”.

Görüşün sonunda qurumların IT üzrə səlahiyyətli rəhbər nümayəndələrinin sualları cavablandırıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi