İqtisadi islahatlara dəstək: Elektron Xidmət - ARAŞDIRMA

İqtisadi islahatlara dəstək: Elektron Xidmət - ARAŞDIRMA Əksər dövlət qurumları kimi İqtisadiyyat Nazirliyində də idarəçiliyin müasir prinsiplər əsasında həyata keçirilməsinə üstünlük verilir
İKT
4 Aprel , 2017 17:51
İqtisadi islahatlara dəstək: Elektron Xidmət - ARAŞDIRMA

Bakı. 4 aprel. REPORT.AZ/ İnkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron Hökumət”in formalaşdırılması hesab edilir. “Elektron Hökumət” müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən ölkə ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Azərbaycanda da davamlı və dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib və 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra bu sahədə də mühüm işlər görülüb. Belə ki, Azərbaycanın güclənməsi, qüdrətli dövlətə çevrilməsi üçün iqtisadi islahatları zəruri hesab edən ümummilli lider Heydər Əliyev bu islahatların davamı kimi informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməklə modern və çevik idarəetmənin həyata keçirilməsini də dövlət siyasətinin prioritet istiqamətlərindən biri sayırdı. Ona görə zamanla bu sahədə də ciddi işlər görülürdü. 2002-ci il dekabrın 24-də təsdiq olunan “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə” ilə ümummilli lider Heydər Əliyev Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış normativ hüquqi aktların layihələrinin razılaşdırılmaya göndərildiyi andan “Elektron Hökumət” portalında yerləşdirilməsi ilə bağlı tapşırıq verib, dövlət idarəçiliyində elektron texnologiyalardan istifadənin və beləliklə, bu sahədə şəffaflığın təmin olunmasının zəruriliyini ortaya qoyub. Bununla da “Elektron Hökumət” quruculuğunun əsas prinsiplərindən biri olan qərar qəbul edilmə prosesində vətəndaşların iştirakına şərait yaradılıb.

Beynəlxalq standartlara uyğun elektron xidmətlər

Bu istiqamətdə atılan mühüm addımlardan biri də ulu öndərin 13 fevral 2003-cü ildə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nı təsdiq etməsidir. Milli Strategiyanın qəbul edilməsi nəticəsində həyata keçirilməli olan tədbirlər konsept halına gətirilib. Sonrakı illərdə Dövlət Proqramları çərçivəsində ən qabaqcıl texnologiyaların tətbiq edilməsi ilə idarəçiliyin metod və mexanizmlərinin təkmilləşdirilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi və cəmiyyətdə İKT-dən istifadəyə əlverişli şəraitin yaradılması üzrə məqsədyönlü tədbirlər görülüb. Prezident İlham Əliyevin 2010-cu il 11 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında isə dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza formalaşıb.

Zəruri texniki təhlükəsizlik tədbirləri

Elektron xidmətlərin təşkili və elektron imzanın tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə 23 may 2011-ci il tarixində ölkə başçısı İlham Əliyev tərəfindən “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərman da imzalayıb. Həmin fərmandan irəli gələrək Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydalarını və xidmət növlərini müəyyən edib. Mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi internet informasiya ehtiyatlarında isə xüsusi elektron xidmət bölmələri yaradılıb. Həmin bölmələrdə aidiyyəti üzrə göstərilən xidmətin adı, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formaları və sair məlumatlar yerləşdirilib, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilib. Eyni zamanda göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsi təmin olunub, elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini qorumaq məqsədi ilə zəruri texniki təhlükəsizlik tədbirləri görülüb.

Dövlət qulluqçuları və vətəndaşlar arasında “məsafələr” azalır

Beynəlxalq təcrübəyə əsaslanaraq ölkəmizdə formalaşdırılan “Elektron Hökumət”in əsas fəaliyyət prinsipləri və əhəmiyyəti ondan ibarətdir ki, yaradılan imkanlar sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafə"ni azaldır, həmçinin bu münasibətləri sadələşdirir və şəffaflaşdırır. Bütün mərkəzi icra hakimiyyəti orqanları kimi, İqtisadiyyat Nazirliyi tərəfindən də elektron xidmətlər geniş tətbiq edilir, zamanla onların sayı və keyfiyyəti daha da artırılır. Bu da sonda sözügedən xidmətlərdən yararlanan ölkə vətəndaşlarının sayını günbəgün artırır, insanlarda məmnunluq hissi yaradır. Yaxşı haldır ki, nazirlik tərəfindən vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması, onların sayının, keyfiyyətinin artırılması və bu sahədə vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədi ilə işlər davamlı xarakter alıb. Hazırda nazirlik tərəfindən 5-i interaktiv, 21-i informativ olmaqla vətəndaşlara 26 elektron xidmət göstərilir. Nazirlik tərəfindən göstərilən elektron xidmətlərdən istifadə üçün www.economy.gov.az və nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış Elektron Xidmətlər Bölməsinə və xidmətin adını əks etdirən bölməyə daxil olmaqla müvafiq e-xidmətdən istifadə etmək mümkündür. İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən bir sıra elektron xidmətlər artıq “E-hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunub. Lakin bu, son deyil. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən göstərilməsi nəzərdə tutulan digər elektron xidmətlərin də “E-hökumət” portalına inteqrasiya olunması istiqamətində tədbirlər görülür. Xüsusilə onu vurğulamaq yerinə düşər ki, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq “Elektron sənəd dövriyyəsi” sistemi İqtisadiyyat Nazirliyində 2010-cu ildən uğurla tətbiq edilir.

Sahibkarlıq fəaliyyəti ilə bağlı yeniliklər bir ünvanda

Bununla yanaşı, sahibkarların maarifləndirilməsi və onların sahibkarlıq fəaliyyəti ilə bağlı yeniliklər barədə məlumatlandırılması üçün İqtisadiyyat Nazirliyi tərəfindən “Sahibkarlara Dəstək” Məlumat Səhifəsi də ( www.sahibkar.economy.gov.az) yaradılıb. Vebsəhifə yaradıldığı gündən indiyədək minlərlə sahibkar onlayn olaraq qeydiyyatdan keçib. Saytda qeydiyyatdan keçmiş sahibkarların elektron poçt ünvanlarına sahibkarlıqla əlaqədar yeniliklər barədə məlumatlar göndərilir. Saytda sahibkarlıq fəaliyyəti ilə bağlı müvafiq qanunvericilik və bu sahədə baş verən dəyişikliklər, sahibkarlığın inkişaf dinamikasına dair məlumatlar, kataloqlar və s. yerləşdirilib. Sahibkarlar bu məlumatlardan yararlanmaqla bərabər, saytın “Sual-cavab” bölməsindən də istifadə edə və İqtisadiyyat Nazirliyinə müvafiq təkliflərini göndərə bilərlər.

İcazəverici sənədlər və onların alınması prosedurları

Nazirlik tərəfindən yaradılmış www.icazeler.gov.az portalı da sahibkarlar üçün faydalı elektron ünvanlardan biridir. Bu sayt icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsini yüksəltməyə xidmət edir. Portalın xidmətlərindən hər ay ərzində 6-8 min, indiyə qədər isə 400 minə yaxın internet istifadəçisi yararlanıb. Portala yerli istifadəçilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən ABŞ, Türkiyə, Polşa, Almaniya, Lüksemburq, Ukrayna, Gürcüstan, Rusiya, Hollandiya, Çin, Fransa, Böyük Britaniya və s. dövlətlərdən olan istifadəçilər də müraciət edirlər. Onu da vurğulamaq yerinə düşər ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədi ilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 20 dövlət qurumunun 160 qanunvericilik aktının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib, ictimai müzakirəyə təqdim olunub.

Azərbaycanın ilk elektron ticarət portalı

İqtisadiyyat Nazirliyi tərəfindən 2008-ci ildə yaradılmış www.b2b.az saytı isə Azərbaycanın ilk elektron ticarət portalıdır. Bu portalın yaradılmasında məqsəd yerli sahibkarlar tərəfindən istehsal olunmuş məhsullar və göstərilən xidmətlər barədə məlumatları potensial alıcılara çatdırmaqla onlar arasında biznes əlaqələrinin qurulmasına dəstək göstərməkdir. Portal “business to business” modeli əsasında qurulub. Fəaliyyət sahəsindən asılı olmayaraq, bütün sahibkarlar portalın xidmətlərindən istifadə edə bilərlər. Portaldan istifadə pulsuzdur. Elektron ticarət portalı istifadəçilərə məlumat dəstəyi də göstərir. Belə ki, portalda müxtəlif təhlil və informasiya xarakterli materiallar yerləşdirilir. Portaldakı materialların 3 dildə (Azərbaycan, ingilis və rus) təqdim edilməsi istifadəçilərin geniş əhatə dairəsini təmin edir. İndiyədək portal 80 mindən çox istifadəçiyə xidmət göstərib. Portalın xidmətlərindən istifadə edənlər arasında Rusiya, ABŞ, Türkiyə, Çin, Ukrayna, Almaniya, Qazaxıstan, Hindistan, Belarus, Böyük Britaniya, İndoneziya, Fransa, BƏƏ, İtaliya və s. ölkələrdən olan istifadəçilər də var.

Apellyasiya Şurasına elektron müraciət

Vətəndaşlara təqdim edilən elektron xidmətlərdən danışarkən ölkə başçısı İlham Əliyevin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanını və bu dövlət sənədinin icrası olaraq İqtisadiyyat Nazirliyində Apellyasiya Şurasının yaradılmasını xatırlatmaq da yerinə düşər. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi 7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin strukturuna aid olan və tabeliyindəki qurumların məsul əməkdaşları daxildir. Şuraya sahibkarların birbaşa elektron qaydada müraciət etməsi üçün [email protected] poçt ünvanı yaradılıb. Bu ünvan vasitəsilə sahibkarlar təkrar şikayətlərini nazirliyin Apellyasiya Şurasına elektron qaydada da göndərə bilərlər. Elektron müraciətə qanunvericiliyin tələblərinə uyğun baxılaraq nəticəsi barədə müraciət edən şəxsə rəsmi məlumat verilir. Bundan başqa, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət prosedurunun sadələşdirilməsi, bu sahədə vaxt itkisinin qarşısının alınması və operativliyin təmin olması məqsədilə nazirliyin www.economy.gov.az saytında elektron müraciət üçün xüsusi bölmə də fəaliyyət göstərir.

Korrupsiyaya şərait yaradan halların aradan qaldırılması

Yekun olaraq qeyd edək ki, modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruridir. Məhz bu zərurətdən irəli gələrək Azərbaycanda da mərkəzi icra hakimiyyəti orqanları elektron xidmətlər tətbiq edirlər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb. Dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub, “Elektron Hökumət” portalı hazırlanaraq istifadəyə verilib. Sevindirici haldır ki, bütün dövlət qurumları kimi İqtisadiyyat Nazirliyi də bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini yüksək səviyyədə təmin edə bilir.

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.

Son xəbərlər

Orphus sistemi