​İltimas Məmmədov: "Azərbaycanda GSM texnologiyasının iki ilə dayandırılması gözlənilir"

​İltimas Məmmədov: "Azərbaycanda GSM texnologiyasının iki ilə dayandırılması gözlənilir" Nazir müavini qısa müddətdə LTE şəbəkəsi üzərindən səsli xidmətlərin göstəriləcəyini açıqlayıb
İKT
14 İyul , 2015 15:51
​İltimas Məmmədov: Azərbaycanda GSM texnologiyasının iki ilə dayandırılması gözlənilir

Bakı. 14 iyul. REPORT.AZ/ Dünyada istifadəsi dayandırılan GSM texnologiyasının Azərbaycanda beynəlxalq tendensiyalara uyğun şəkildə yaxın iki il ərzində dayandırılması planlaşdırılır. Yeni 3G və 4G texnologiyaları üzərində qurulmuş platformalar inkişaf edir və artıq smartfonla danışaraq internetdən istifadə edilməsi mümkündür. "Report"un Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu nazirin birinci müavini İltimas Məmmədov bildirib: "Çox qısa zamanda biz artıq LTE şəbəkəsi üzərindən səsli xidmətlərin göstərilməsinin şahidi olacağıq".

İ.Məmmədovun sözlərinə görə, bu ilin əvvəlində Barselonada keçirilən konfransda LTE texnologiyası üzərindən səsli xidmətlər nümayiş etdirilib və çox güman ki, dünya üzrə mobil rabitə operatorları bu xidməti təqdim etdikcə Azərbaycanda da onun tətbiqi qaçılmaz olacaq. Bu istiqamətdə artıq işlər aparılır.

Nazir müavini qeyd edib ki, MDB ölkələrində, hətta qonşu Türkiyədə belə bu gün LTE texnologiyası tətbiq edilməyib və ölkələrin əksəriyyətində bununla bağlı böyük çətinliklər var.

"Azərbaycan LTE texnologiyasının tətbiqində çox çətin proseslərdən keçib. Çünki şəbəkənin yaradılması üçün tələb olunan tezliklərin bir hissəsi güc strukturları tərəfindən istifadə olunur, digər hissəsi isə zamanında mülki məsələlər üçün səmərəsiz şəkildə paylaşdırılıb. Bu gün isə ayrı-ayrı vətəndaşların və özəl şirkətlərin biznesində istifadə edilən tezlikləri geri almaq mümkün deyil. Lakin bütün buna baxmayaraq, 3G şəbəkəsinin yaradılması üçün lisenziyalar verildi və radiotezliklər bərabər şəkildə bölündü. Eyni prosedur 4G xidmətlərinin göstərilməsi üçün də həyata keçirildi. Bu ilin sonuna kimi biz artıq 800 MHz tezliklərinin bir hissəsini boşaldaraq LTE şəbəkəsinin qurulmasında istifadəsi üçün operatorlara icazə verəcəyik və bu texnologiyanın ölkənin bütün ərazisində yayılmasına imkan yaradacağıq. Hazırda 3G şəbəkəsi ölkə regionlarında yetərincə əhatə dairəsini genişləndirib. Lakin 4G şəbəkəsi yalnız Bakıda və bəzi ətraf ərazilərdə işləyir. Biz isə bu texnologiyanın əsasən ucqar dağ regionlarında tətbiqini, bütün ölkə ərazisini internetlə və rabitə ilə təmin edilməsini istəyirik", - İ.Məmmədov qeyd edib.

Son xəbərlər

Orphus sistemi