Hindistan səfirliyi telekommunikasiya sektoru ilə bağlı görüş təşkil edib

Hindistan səfirliyi telekommunikasiya sektoru ilə bağlı görüş təşkil edib Hindistanın Azərbaycandakı səfirliyi ölkəsinin Telekommunikasiya Avadanlıqları və Xidmətləri İxracının Təşviqi Şurası (TEPC) ilə birlikdə Bakıda telekommunikasiya sektoru ilə bağlı vebinar və virtual B2B görüşü təşkil edib.
İKT
21 Sentyabr , 2021 17:20
Hindistan səfirliyi telekommunikasiya sektoru ilə bağlı görüş təşkil edib

Hindistanın Azərbaycandakı səfirliyi ölkəsinin Telekommunikasiya Avadanlıqları və Xidmətləri İxracının Təşviqi Şurası (TEPC) ilə birlikdə Bakıda telekommunikasiya sektoru ilə bağlı vebinar və virtual B2B görüşü təşkil edib. 

"Report" bu barədə səfirliyə istinadən xəbər verir. 

Məlumata görə, görüş Hindistanın müstəqilliyinin 75 illiyi münasibəti ilə "Azadi Ka Amrit Mahotsav" adı altında keçirilən tədbirlər çərçivəsində baş tutub. Görüşə iki ölkənin böyük telekommunikasiya şirkətləri, TEPC nümayəndələri və səfirlik rəsmiləri də daxil olmaqla 40-dan çox iştirakçı qatılıb.

Tədbirin məqsədi telekommunikasiya sektorunda iki ölkənin maraqlı tərəfləri arasında işgüzar əlaqələri asanlaşdırmaq olub. 

TEPC sədri Sandip Aqqarval tədbirdə açılış nitqi ilə çıxış edib. Səfir Bavitlunq Vanlalvavna isə Hindistanın telekommunikasiya sektorunun imkanları barədə danışıb və əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib.

Bundan başqa, tədbirdə Hindistanın 11 aparıcı telekommunikasiya məhsulları istehsalçısı təqdimatla çıxış edib. Azərbaycanın telekommunikasiya şirkətləri  isə hindistanlı həmkarları ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını nümayiş etdiriblər.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan və Hindistan 439,9 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb. Bunun 352,7 milyon dolları Azərbaycanın Hindistana ixracının, 87,2 milyon dolları isə Azərbaycanın Hindistandan idxalının payına düşüb. 

Son xəbərlər

Orphus sistemi