"Gələcəyi kodlaşdır” təşəbbüsünün ilk layihəsinə start verilib

"Gələcəyi kodlaşdır” təşəbbüsünün ilk layihəsinə start verilib Bakı. 15 avqust. REPORT.AZ/ Bir qrup maarifçi gənclərin səyləri nəticəsində ərsəyə gələn “Gələcəyi kodlaşdır” (Code for Future) təşəbbüsünün ilk layihəsinə start verilib.
İKT
15 Avqust , 2018 14:52
Gələcəyi kodlaşdır” təşəbbüsünün ilk layihəsinə start verilib

Bakı. 15 avqust. REPORT.AZ/ Bir qrup maarifçi gənclərin səyləri nəticəsində ərsəyə gələn “Gələcəyi kodlaşdır” (Code for Future) təşəbbüsünün ilk layihəsinə start verilib. 

"Report"a daxil olan məlumata görə, layihə çərçivəsində Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yaşayan VII-IX sinif şagirdləri kodlaşdırmanın əsaslarını öyrənəcək, "Scratch", HTML və "Paython" kimi proqramlaşdırma dilləri ilə yaxından tanış olacaqlar.

Ölkənin qabaqcıl tədris müəssisələrindən olan “Code Academy”nin dəstək verdiyi layihəyə əsasən, 6-15 sentyabr 2018-ci il tarixlərində əksəriyyəti qızlar olan seçilmiş 45 köçkün uşaqları üçün 10 günlük sürətləndirilmiş tədris düşərgəsinin (bootcamp) keçirilməsi planlaşdırılır.

“Code Academy”nin təcrübəli müəllimləriy ilə yerli İKT müəllimlərini bir araya gətirən layihənin hədəflərindən biri də köçkün məktəblərinin bu sahədə tədris potensialının gücləndirilməsidir.

Layihədə iştirak edəcək şagirdlər sentyabr ayın əvvəlində müsabiqə yolu ilə seçiləcək. Seçilmiş şagirdlərə “Code Academy”nin peşəkar təlimçiləri 10 gün ərzində intensiv kodlaşdırma öyrədəcəklər. Təlim zamanı fərqlənən iştirakçıların kompüter və mobil telefon kimi dəyərli hədiyyələr və “Code Academy”də təhsil almaq imkanı əldə edəcəklər.

Layihənin açılış mərasimində iştirak edən yerli icra hakimiyyəti orqanı nümayəndələri, müəllim və valideynlərə proqram barədə geniş məlumat verilib. “Gələcəyi kodlaşdır” komandasının rəhbəri Xalisə Şahverdi yerli məktəb şagirdlərini bu proqramda iştirak etməyə və gələcəyin ən önəmlı bacarıqlarından olan kodlaşdırmanı öyrənməyə səsləyib. 

“Gələcəyi kodlaşdır” proqramı ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə dəstəklənir.

Məktəblilərə dəqiq elmləri öyrətməyi, yeni kəşflər etməyi və yeni dostluqlar qazandırmağı qarşısına məqsəd qoyan “Gələcəyi kodlaşdır” layihəsində iştirak pulsuzdur. 

Son xəbərlər

Orphus sistemi