Bu gün Çin son günlər gərginlik məkanına çevrilən Cənubi Çin dənizinə iki ədəd ballistik raket buraxaraq ABŞ-a xəbərdarlıq edib.
“Report” SCMP-yə istinadən xəbər verir ki, bu barədə Çin ordusuna yaxın mənbə bildirib.
Belə ki, həm quruda, həm də dənizdəki hədəfləri vura bilən bu raketlərdən DF-26B tiplisi ölkənin şimal-qərbindəki Çinqhay əyalətindən, DF-21D tiplisi isə əksinə, şərqdəki Jecianq əyalətindən buraxılıb və hər ikisi Hainan adası ilə Parasel adaları arasındakı bölgədə yanıb.
Həmin raketlərdən birincisi, yəni DF-26 vaxtilə “soyuq müharibə”yə son qoymaq üçün ABŞ ilə Sovet İttifaqı arasında imzalanmış Uzaq Mənzilli Nüvə Silahları Müqaviləsinə uyğun olaraq qadağan edilib və 4 000 km mənzilə sahib olub həm nüvə, həm də adi başlıq daşımaq qabiliyyətindədir. 1 800 km-dək mənzilli DF-21 raketi isə dünyada ilk gəmi vuran ballistik raket olaraq tanınır.
Qeyd edək ki, dünən Çin tərəfi hərbi təlimlər keçirdikləri adıçəkilən bölgəyə ABŞ-ın kəşfiyyat təyyarəsinin gəldiyini açıqlamışdı. Mənbənin dediyinə görə, iki raketin buraxılması Cənubi Çin dənizinə ABŞ hərbi təyyarə və raketlərin daxil olma ehtimalına qarşı ehtiyat tədbiridir.
Honkonqda fəaliyyət göstərən hərbi ekspert Sonq Jonqpinq bildirib ki, ABŞ Çinin Tayvan və Cənubi Çin dənizindəki “aşağı xətti”ni yoxlamağa davam etdiyi üçün Çin tərəfi də buradakı gücünü dəf etməyin mümkünsüz olduğunu qarşı tərəfə nümayiş etdirməyə çalışır.
Çin Müdafiə Nazirliyi məsələyə dair hər hansı açıqlama verməyib.