Bakıda Regional Rabitə Birliyinin beynəlxalq tədbiri keçirilib

Bakıda Regional Rabitə Birliyinin beynəlxalq tədbiri keçirilib Komissiyanın iclasında İşçi Qrupunda hazırlanmış sənəd layihələri müzakirə edilib və qərarlar qəbul olunub
İKT
30 avqust 2017 13:31
Bakıda Regional Rabitə Birliyinin beynəlxalq tədbiri keçirilib

Bakı. 30 avqust. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi ilə Bakıda Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə Komissiyasının 33-cü iclası və bu Komissiyanın Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə iş üzrə İşçı Qrupunun 18-ci iclası keçirilir. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərdə RRB-nin üzvü olan ölkələr, o cümlədən Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və digər ölkələrin rabitə administrasiyalarının səlahiyyətli nümayəndələri və ekspertlər qatılıb.

Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Komissiyanın sədri, Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov, RRB-nin baş direktoru Nuriddin Muhiddinov və BTİ-nin regional ofisinin rəhbəri Kiril Oparin iştirak ediblər.

Avqustun 29-da keçirilmiş İşçi Qrupunun iclasına RRB-nin BTİ ilə iş üzrə İşçı Qrupunun sədri Vladimir Minkin rəhbərlik edib. İclasda 2017-ci ilin 9-20 oktyabr tarixlərində Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək BTİ-nin Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransına (WTDC-17) hazırlıq məsələləri, o cümlədən Konfransda qəbul olunacaq qərarlara dair RRB üzv-dövlətləri tərəfindən hazırlanmış 39 sənəd layihəsi, Konfransın rəhbər qurumlarına namizədlər müzakirə olunub.

Daha sonra BTİ-nin 2018-ci ildə baş tutacaq Səlahiyyətli Konfransına, RRB-nin 2020-ci ildə Telekommunikasiyanın Standartlaşdırılması üzrə Ümumdünya Assambleyasına hazırlığı müzakirə edilib.

Nazirliyin açıqlamasında qeyd edilir ki, adları qeyd olunan tədbirlər rabitə sahəsində beynəlxalq tənzimləmənin həyata keçirilməsi, BTİ-nin növbəti 4 il müddətinə fəaliyyətinin təşkili, rəhbər vəzifələrə, BTİ-nin ali idarəetmə orqanı olan Şuraya seçkilər baxımından mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan BTİ-nin Şurasının üzvü olaraq bu tədbirlərdə, qərarların qəbulunda fəal iştirak edir və beynəlxalq əməkdaşlığa öz tövhəsini verir. Azərbaycan Buenos-Ayresda keçiriləcək konfransa qatılacaq və 2018-ci ildə keçiriləcək seçkilərdə də Şuraya təkrar üzv seçilmək üçün namizədliyini irəli sürəcək”.

Bu gün isə Rəşid İsmayılovun sədrliyi ilə Komissiyanın III iclası keçirilib. İclasda ilk çıxış edən E.Vəlizadə gündəlikdəki məsələlər üzrə Azərbaycanın münasibətini və mövqeyini bildirib.

Komissiyanın iclasında İşçi Qrupunda hazırlanmış sənəd layihələri müzakirə edilib və qərarlar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi