Bakıda daha bir beynəlxalq sərgi və konfrans keçiriləcək

Bakıda daha bir beynəlxalq sərgi və konfrans keçiriləcək Dekabrda XXI Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları tədbiri baş tutacaq
İKT
26 Oktyabr , 2015 18:17
Bakıda daha bir beynəlxalq sərgi və konfrans keçiriləcək

Bakı. 26 oktyabr. REPORT.AZ/ Dekabrın 2-5-də Bakıda XXI Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları (“Bakutel 2015”) sərgi və konfransı keçiriləcək. 

"Iteca Caspian" şirkətindən "Report"a verilən məlumata görə, regionun ən böyük tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır. İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib. Uzun illər “Bakutel” sərgisindən öz dəyərli dəstəyini əsirgəməyən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərginin inkişafında və formalaşmasında mühüm rol oynayıb. 

Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Rabitə sahəsində Regional Birlik kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” (“CEO”) şirkətləri çıxış edirlər. Artıq bu günə qədər Azərbaycan, ABŞ, Almaniya, Rusiya, Türkiyə, Fransa və digər ölkələri təmsil edən 200-dən artıq şirkət sərgidə iştirak edəcəklərini təsdiqləyiblər. İştirakçıların 40%-i “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alır. Ənənəvi olaraq, sərgidə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur. Ümumilikdə, sərgidə 15 milli stendin iştirakı gözlənilir və Belarus, Bolqarıstan, Kanada, Macarıstan, İsrail, İran, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Serbiya və Xorvatiyanın iştirakı isə artıq təsdiq edilib. Sərginin qeydiyyat üzrə sponsoru “Eurodesign” şirkətidir. 

Regionda İKT sektoru üzrə ən böyük tədbir olan bu sərgi çərçivəsində gənc mütəxəssislərə öz ixtiraları, proqram və xidmətləri barədə danışmaq üçün imkan yaradılır və artıq bu, ənənə halını alıb. Ötən il olduğu kimi, bununla əlaqədar sərgidə “startap” şirkətlərə iş üçün xüsusi yer ayrılıb. 

Ekspo Mərkəzinin üçüncü zalında isə İKT texnologiyaları sahəsi üzrə dövlət layihələri təqdim olunacaq. Sərginin işini daim müşayiət edən geniş işgüzar proqram “Bakutel” sərgisinin səciyyəvi cəhətidir. Ekspo Mərkəzinin üçüncü zalında keçiriləcək çoxsaylı görüşlər, forumlar və konfranslar bütün dünyada İKT sahəsi üzrə ən son təmayülləri, eləcə də Azərbaycanda İKT sektorunun inkişaf perspektivlərini müzakirə etməyə imkan verir. Sərgidə işgüzar görüş və danışıqlarla yanaşı, bir sıra sürprizlər, eləcə də müsabiqə və viktorinalar sərginin bütün iştirakçı və ziyarətçilərinin yolunu gözləyir.

Son xəbərlər

Orphus sistemi