Bakıda Azərbaycan-Avstriya Qarışıq Komissiyasının iclası keçirilib

Bakıda Azərbaycan-Avstriya Qarışıq Komissiyasının iclası keçirilib Toplantıda gələcək əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb
İKT
2 İyun , 2015 17:36
Bakıda Azərbaycan-Avstriya Qarışıq Komissiyasının iclası keçirilib

Bakı. 2 iyun. REPORT.AZ/ Bakıda Azərbaycanla Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın VIII iclası keçirilib.

“Report” Rabitə və Yüksək Texnolgiyalar Nazirliyinə istinadən bildirir ki, iclasdan əvvəl Azərbaycan tərəfindən komissiyanın həmsədri, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla Avstriya tərəfindən komissiyanın həmsədri, elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini Bernadette Gierlinger arasında ikitərəfli görüş keçirilib.

Daha sonra Qarışıq Komissiyanın iclası işə başlayıb. Toplantıda indiyə qədər keçirilən iclas və görüşlərin məhsuldar nəticələrindən məmnunluq ifadə edən nazir bu danışıqların məntiqi davamı kimi, gələcək əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu nəzərə çatdırıb.

Nazir həmçinin protokolun İnformasiya və Kommunikasiya Texnologiyaları bölməsinə dair çıxış edərək, perspektiv planlardan söz açıb.

Avstriyanın iqtisadi vəziyyəti ilə bağlı geniş təqdimatla çıxış edən avstriyalı həmsədr son 10 ildə həyata keçirilən işlərə diqqət çəkib. İqtisadi proqnozlar, iqtisadiyyatın təşviqi üzrə yeni vergi islahatlarının tətbiqi və bundan gözləntiləri nəzərə çatdıran B.Gierlinger ölkəsinin ixracyönümlü iqtisadiyyata üstünlük verdiyini, eyni zamanda Avstriya iqtisadiyyatında hər 10 avrodan 6-sının məhz ixracyönümlü iqtisadiyyatdan qazanıldığını qeyd edib.

Avstriyanın Azərbaycanla əməkdaşlıqda maraq göstərdiyi sahələrə də toxunan B.Gierlinger xüsusən alternativ və bərpaolunan enerji, turizm sənayesi, telekommunikasiya, infrastruktur, kənd təsərrüfatı kimi sahələrdə münasibətlərin inkişafı üçün böyük potensialın mövcudluğunu qeyd edib, eyni zamanda bu potensialdan gələcək əməkdaşlıqda səmərəli istifadə olunacağına ümid etdiyini diqqətə çatdırıb.

Həmçinin iclasda Azərbaycan və Avstriya iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlığın vəziyyəti və daha da genişləndirilməsi imkanları ətraflı müzakirə olunub. Müzakirələrdən sonra Qarışıq Komissiyanın iclasının protokolu imzalanıb.

Son xəbərlər

Orphus sistemi