Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti korporativ seqmenti əhatə edən məhsul və xidmət təklifləri portfelinin rebrendinq edildiyini elan edib.
Şirkətdən “Report”a verilən xəbərə görə, “Bakcell” korporativ seqmentdən olan müştəriləri üçün təklif etdiyi məhsul və xidmətlərinin təkmilləşdirilməsini, genişləndirilməsini qarşısına məqsəd qoyaraq, korporativ müştəriləri üçün keyfiyyətli mobil rabitə xidmətləri ilə yanaşı, biznes yönümlü innovativ həllərin təmin edilməsi üzərində işləyir. Yeni dəyişikliklərlə yanaşı, şirkətin korporativ müştərilər üçün məhsul və xidmət təklifləri portfelinin adı “Gold”dan “Bakcell Business” adına dəyişdirilib.
“Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olmaqla biz ölkədə ümumi bazar konyunkturasını mütəmadi qaydada monitorinq edirik. Bu şirkətimizin fəaliyyətinin daha çevik olmasına, ölçülərindən və fəaliyyət sahələrindən asılı olmayaraq, bütün müəssisə və təsərrüfat subyektlərinin tələbatlarını ən optimal şəkildə təmin etməyimizə çox kömək edir. Azərbaycanda ümumi biznes mühitini, xüsusilə kiçik və orta biznes sektorlarının potensialını nəzərə alaraq, biz bu sektorları əvvəllər heç vaxt olmadığı qədər dəstəkləyəcək olduqca rəqabətədavamlı və yenilikçi həllər işləyib hazırlayırıq. İstəyirik ki, hər bir müştərimiz onun ehtiyacının qayğısına qaldığımızı və onun biznesinə dəstək göstərməyə həmişə hazır olduğumuzu bilsin”, - deyə “Bakcell”in baş icraçı direktoru Nikolai Bekers bildirib.
Qeyd edək ki, rebrendinq çərçivəsində “Bakcell Business” portfelinə həsr olunan yeni internet səhifəsi istifadəyə verilib. Şirkətin xüsusi olaraq bütün ölkə ərazisində müxtəlif sənaye sahələrində fəaliyyət göstərən 1800-dən çox müəssisə və təşkilatın ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulan korporativ tariflərindən hazırda 1,7 milyondan artıq abunəçi faydalanmaqdadır.