"Bakcell" "AppLab" proqramında iştirak etmək üçün müsabiqə keçirir

"Bakcell" "AppLab" proqramında iştirak etmək üçün müsabiqə keçirir Qeydiyyat prosesi yanvarın 25-dən fevralın 25-dək davam edəcək
İKT
25 Yanvar , 2017 17:26
Bakcell AppLab proqramında iştirak etmək üçün müsabiqə keçirir

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru "Bakcell" şirkəti "AppLab" proqramında iştirak etmək üçün növbəti müsabiqə elan edib.

Şirkətdən "Report"a bildirilib ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə İT sahəsində fəaliyyət göstərən bütün yerli developerlərlə yanaşı, ümumiyyətlə, ideya və marağı olan hər kəs "AppLab" proqramının təklif etdiyi geniş imkanlardan faydalana bilər. 

Qeydiyyat prosesi yanvarın 25-dən fevralın 25-dək davam edəcək.

Qeydiyyatdan keçmək istəyən ərizəçilər sadəcə http://applab.bakcell.com/registration/ səhifəsinə daxil olaraq yuxarıda qeyd olunan müddət ərzində anket formasını doldurmalıdırlar. Qeydiyyat müddəti bitdikdən sonra təqdim edilən layihələr nəzərdən keçiriləcək və Seçim Komitəsi tərəfindən təsdiq olunan ideyalar ikinci mərhələyə keçəcək. Mümkün 20 xaldan 15 və ya daha çox xal qazanan layihələrin müəllifləri komitə üzvləri ilə görüşəcək və layihədən asılı olaraq 90-180 gün ərzində "AppLab" proqramında iştirak etmək imkanına malik olacaqlar. Bu müddət ərzində "Bakcell" proqram iştirakçılarına fərdi şəkildə məhsul və ya xidmətlərin inkişaf etdirilməsi və bazara təqdim olunması istiqamətində dəstək göstərəcək.

Layihə çərçivəsində gənc proqramçılar Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında (Sahil bağının yaxınlığında) yerləşən "AppLab" ofisindən istifadə edib, pulsuz internet, ofis və treninq üçün nəzərdə tutulan məkandan və mühitdən, eyni zamanda məhsulları sınamaq üçün ən müasir cihazlardan yararlana biləcəklər. “Bakcell”in əməkdaşları, "Qualcomm" şirkətinin və "AppLab" proqramının digər tərəfdaşlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc proqramçıları yerli və beynəlxalq bazarların tələblərinə hədəflənmiş yeni məhsul, yaxud xidmətlərin pilot variantını tərtib etmək, həyata keçirmək üçün tələb olunan araşdırmalar və məsləhətlərlə təmin edəcək.

Qeyd edək ki, seçilən developerlərə kömək etmək üçün yerli miqyasda həyata keçirilən digər oxşar proqram və layihələrdən fərqli olaraq "Bakcell" "AppLab" proqramı çərçivəsində yaradılan layihələr üzərində heç bir mülkiyyət hüququ iddiası irəli sürmür. Şirkətin başlıca məqsədi ölkənin milli “startap” icması üçün adekvat mühitin yaradılmasında aparıcı rola malik olmaqdır.

Son xəbərlər

Orphus sistemi