Bakı. 11 may. REPORT.AZ/ “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevin rəhbərlik etdiyi və Azərbaycanın Ruandada akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Elman Abdullayevin də daxil olduğu nümayəndə heyəti mayın 7-10-da bu ölkənin paytaxtı Kiqalidə keçirilən “Transform Africa” sammitində iştirak edib.
"Report" bu barədə "Azərkosmos"a istinadən xəbər verir.
Məlumata görə, tədbir səhmdar cəmiyyətinin də üzvü olduğu “Smart Afrika” təşəbbüsünün təşkilatçılığı ilə artıq dördüncü ildir ki, dünya liderlərinin iştirakı ilə Afrikada davam edən rəqəmsal inkişafın sürətləndirilməsi və digər dünya dövlətləri ilə yeni əməkdaşlıqların qurulması məqsədilə keçirilir. Sammitdə "Azərkosmos"un iştirakının başlıca məqsədi Afrika regionunda biznes tərəfdaşların tapılması və ölkəmizin təbliği olub.
Qurumun rəhbərliyi ilə Ruanda prezidenti, “Smart Africa” İdarə Heyətinin sədri Pol Kaqame arasında görüş keçirilib. Görüşdə "Azərkosmo"un Afrika regionunda peyk xidmətləri göstərməsi, ruandalı mütəxəssislərin "Azərkosmos"da təlimlər alması və,ümumilikdə, kosmik sahənin inkişafında Azərbaycan təcrübəsinin öyrənilməsi imkanları geniş müzakirə olunub.
Sammit müddətində keçirilən rəsmi açılış mərasimi, panel müzakirələr və sərgidə Azərkosmosun nümayəndə heyəti tərəfindən "Azerspace-1" və "Azerspace-2" telekommunikasiya peykləri haqqında ətraflı məlumat verilib. "Azərkosmos" üçün Afrika regionunun prioritetliyi və “Azerspace-1” peykinin, xüsusilə Afrika qitəsi üzərində güclü siqnala malik olması vurğulanıb. Azərkosmosun regionda yüksək keyfiyyətli peyk xidmətləri təklif etdiyi barədə bəhs olunub.
Sammit çərçivəsində baş tutan qala-ziyafətdə Azərbaycanın “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu ilə “Expo 2025” sərgisinin ev sahibliyinə namizəd olması barədə məlumat verilib, ölkənin təbliği məqsədilə sammit iştirakçılarına video süjet nümayiş olunub.