Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri "Microsoft"un vitse-prezidentini qəbul edib

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri "Microsoft"un vitse-prezidentini qəbul edib Görüşdə "Microsoft" ilə bulud texnologiyaları, kibertəhlükəsizlik, elektron hökumət sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
İKT
22 Avqust , 2015 12:14
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Microsoftun vitse-prezidentini qəbul edib

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Bakıda səfərdə olan “Microsoft” Korporasiyasının vitse-prezidenti, dövlət sektoru ilə iş üzrə rəhbəri xanım Trudi Norris-Qreylə görüşüb.

Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycanda “Microsoft”un mövcud əlaqələri və perspektiv əməkdaşlıq istiqamətləri müzakirə edilib.

T.Norris-Qrey I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdıraraq “Microsoft”un Avropa Oyunlarının tərəfdaşlarından biri olduğu üçün məmnuniyyətini ifadə edib.

Ə.Abbasov “Microsoft” şirkəti ilə mövcud olan əməkdaşlığın yüksək səviyyədə olduğunu, o cümlədən I Avropa Oyunları zamanı təqdim etdiyi qabaqcıl texnologiya və keyfiyyətli xidmətlərə görə təşəkkürünü bildirib.

Görüş çərçivəsində “Microsoft” şirkəti ilə bulud texnologiyaları, kibertəhlükəsizlik, elektron hökumət sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib və Azərbaycanda "Uptime Institut"un qiymətləndirməsinə görə TIER-3 səviyyəli Data Mərkəz vasitəsilə “Microsoft”un bulud texnologiyaları əsasında yeni xidmətlərin tətbiqi üzrə tədbirlərin görülməsinin nəzərdə tutulduğu qeyd edilib.

Sonda tərəflər cari ilin dekabr ayında Azərbaycanda keçiriləcək “BakuTel-2015” sərgi-konfransında “Microsoft” şirkətinin iştirakı məsələsini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi