Azərbaycanın mobil oyun istehsalçısı Çin bazarını hədəf seçib

Azərbaycanın mobil oyun istehsalçısı Çin bazarını hədəf seçib "Son savaş"ın ideyası da, adı da Çin bazarı üçün nəzərdə tutulub
İKT
1 Dekabr , 2016 09:57
Azərbaycanın mobil oyun istehsalçısı Çin bazarını hədəf seçib

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanda 3 ildir mobil oyunların yaradılması ilə məşğul olan Tor Rəqəmsal Agentlik (Digital Agency) "Made in Azerbaijan" brendi şəklində ixracyönümlü, rəqabətqabiliyyətli və əlavə dəyərin xüsusi çəkisi yüksək olan məhsulları ilə yerli və qlobal bazarları fəth etməyi hədəf seçib.

Şirkətin baş icraçı direktoru Toğrul Səmədov "Report"a bildirib ki, "Tor" artıq Şərqi Asiyanın ən nəhəng mobil oyun bazarı - Çinə daxil olmağa hazırlaşır.

Həm yerli, həm də xarici mütəxəssislərin birgə ərsəyə gətirdikləri və ümumilikdə dörd əsas mobil əməliyyat platformasında 5 milyondan çox yükləmə sayına nail olan "Son savaş" ("Fatal fight") məhz Çin bazarı üçün nəzərdə tutulub.

"Son savaş - mobil oyununu 2 il əvvəl hazırlamağa başlamışıq. İlk versiya 6 aydan sonra hazırlanıb. Bu oyun 2 ildir hər mərhələdə daha da təkmilləşdirilir. İndi oyun "Android" platformasında 4,6 mln., "iOS", "Windows Phone" və "Steam"də bütövlükdə yarım milyon yükləmə sayına malikdir. Dünyanın hər bir ölkəsində oyunçularımız var.

Ümumiyyətlə, "Son savaş"ın ideyası da, adı da Çin bazarı üçün nəzərdə tutulub. Çünki Çin bazarında rəqabət daha aşağı və gəlirlik səviyyəsi isə yüksəkdir. Odur ki, strategiyamızın belə seçilməsi büdcəmizin risk qabiliyyətinin buna imkan verməməsindən irəli gəlir. Lakin növbəti mobil oyunlarımızı milli janrda, milli qəhrəmanlarımızın iştirakı ilə hazırlamaq niyyətindəyik" - T. Səmədov deyib.

Qeyd edək ki, dünyanın hər yerindən istifadəçisi olan "Tor" qlobal mobil oyunlar bazarında məhsullarını sınaqdan keçirdikdən və tam hazır etdikdən sonra, Çin bazarına daxil olmağı planlaşdırır. Çünki Çin bazarına daxil olmaq göründüyü kimi, heç də asan iş deyil. Bu bazarın diktə etdiyi mütləq tələblərdən biri çinli tərəfdaşın olmasıdır. Çin bazarı bir qədər qapalı olduğundan, kənar şirkətlər oraya buraxılmır. Bu vəzifənin öhdəsindən gələn "Tor" hazırda çinli tərəfdaşları ilə danışıqlar aparır. Danışıqlar uğurla başa çatdıqdan sonra Çin bazarına çıxmaq mümkün olacaq. Çinin mobil oyunlar bazarının üstünlüklərindən biri bu bazarın istehsalçılara verdiyi gəlir səviyyəsi ümumi bazarın yaratdığı gəlirə bərabər olmasıdır.

Oyunda səsləndirilən musiqi effektləri, animasiyaları "Tor Digital Agency" hazırlayıb. Layihənin ideya müəllifi, marketinq strategiyası və komandanın idarə olunmasını birbaşa həyata keçirən T. Səmədov hesab edir ki, bu cür uğurun əldə edilməsində komanda işi böyük rol oynayır. "Son savaş"da 70-dək mərhələ nəzərdə tutulub. Oyun irəlilədikcə mərhələlərin də sayı artır. Oyun ilk dəfə 50 mərhələ ilə başlayıb, sonra 10, daha sonra 10 mərhələ artırılaraq təkmilləşdirilib. Oyunun maraqlı cəhətlərindən biri isə oyunçunun silah və ya əşya alması üçün tədricən mağazanın olmasıdır. Oyunda gəlir mənbəyinin olması üçün reklamlar da unudulmayan nüanslardan biridir. "Tor" oyunun təkmilləşdirilməsi zamanı - minimum həyatqabiliyyətli məhsul (MVP) qaydasına əsaslanaraq, bazarın tələbatı öyrənilir.

"Tor" daha bir yeniliyi ilə oyunçuların yaddaşını sınayacaq. Hazırda istehsal edilən "Memory limit" üçün tapmaca (puzzle) janrı seçilib. Oyun yaddaşı möhkəmlətmək məqsədini daşıyır. Tapmaca istifadəçinin beynini məşq etdirmək üçün müəyyən qaydalar təqdim edəcək. Qalib olmaq üçün onlara əməl etmək lazımdır. Bu oyunda xüsusi hiylə işlədilərək istifadəçilər əsl sınağa çəkiləcəklər. 70 oyun mərhələsi olan "Memory limit"də əlavə mərhələlərə yer veriləcək. Oyun kommersiya məqsədi ilə yaradılıb. İndi oyunu ancaq "Android" platformasında və Azərbaycanda yükləmək mümkündür. Növbəti sınaq mərhələsini keçdikdən sonra o, ilk növədə Rusiya, daha sonra digər mobil oyun bazarlarına da təqdim ediləcək.

"Tor"un mühüm layihələrindən biri də oyunun milli ruhda və milli dəyərlərə əsaslanacaq "Koroğlu" dastanı janrında əksini tapmasıdır. Bu döyüş oyunu kommersiya layihəsi olmadığına görə "Tor" "Koroğlunun" konseptini hazırladıqdan sonra vəsait axtarışına başlamağı planlaşdırır. 

T. Səmədov bu layihəyə dəstək olacaq təşkilatların tapılacağına ümid etdiyini bildirib. Çünki bu vaxta qədər Yüksək Texnologiyalar Parkında (High Tech Park) xarici mentorlar və "Baku Business Factory"də "Tor"un səmərəli fəaliyyətinə dəstək göstərilib. "Apple Store" da ən yaxşı yeni oyunlar kateqoriyasında azərbaycanlı şirkətə dəstəyini göstərib.

Üçillik fəalliyətinə rəğmən "Tor" indi layihələrinə qoyduğu məbləğdən iki dəfə çox gəlir əldə edib. Gələcək işin daha da səmərəli fəaliyyəti üçün əldə edilən gəlir yenidən oyuna qoyulub. Şirkət xərclərini reallaşdırarkən "qənaətcil startap" ("lean startap") sahibkarlıq konsepsiyasına əsaslanır. Şirkətin gəlirlərinin böyük hissəsini isə Amerika mobil oyunlar bazarı formalaşdırır və Birləşmiş Ştatlar prioritet ölkələr sırasındadır. Amerikadan fərqli olaraq, yerli mobil oyunlar bazarında bu cür layihələr öz kommersiya məqsədlərini doğrultmur. Bunun səbəbini isə T. Səmədov yerli istehlakçıların onlayn alış vərdişlərinin olmaması və kredit kartlar şəbəkəsinin kifayət qədər genişlənməməsi ilə əlaqəli olduğunu düşünür. Lakin "Tor"un icraçı direktoru lokal istehlakçı bazarın gələcəyinə nikbin baxır. O hesab edir ki, hazırda xüsusi fəallıq müşahidə edilən Rusiyanın müvafiq bazarında da vəziyyət 5-10 il bundan əvvəl analoji dinamikanı nümayiş etdirirdi.  

Son xəbərlər

Orphus sistemi