Azərbaycanda telefon və internet xidmətləri üzrə aylıq abunə haqları onlayn qəbul ediləcək

Azərbaycanda telefon və internet xidmətləri üzrə aylıq abunə haqları onlayn qəbul ediləcək Bu, ölkədə nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində icra edilən tədbirdir
İKT
312
19 Yanvar , 2017 10:26
Azərbaycanda telefon və internet xidmətləri üzrə aylıq abunə haqları onlayn qəbul ediləcək

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanda nağdsız ödənişlərə tələb yaradılması və nağd iqtisadiyyatın azaldılması üzrə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi telefon və internet xidmətləri üzrə aylıq abunə haqları müvafiq poçt şöbələrində və telekommunikasiya qovşaqlarında poçt əməliyyatçıları tərəfindən, eləcə də, onlayn və ödəmə terminalları vasitəsi ilə qəbul ediləcək. Bu barədə "Report"a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. 

Məlumata görə, buna səbəb “Nağdsız hesablaşmalar haqqında" qanuna uyğun olaraq, poçt şöbələrinin bank-maliyyə xidmətləri göstərmək hüququna malik olmasıdır.

İlkin mərhələdə bu proses Bakını, daha sonra isə respublikanın digər regionlarını da əhatə edəcək. Vətəndaşlar Bakı şəhərində fəaliyyət göstərən telekommunikasiya qovşaqlarına (ATS) gələrək poçt əməliyyatçılarına abunə haqları ödənişlərini nağd və ya nağdsız şəkildə (POS-terminallarda plastik kartlarla) ödəyə bilərlər.

Qeyd edək ki, yaxın vaxtda istifadəyə verilməsi nəzərdə tutulan “Şəbəkə” xidmət mərkəzlərində RYTN-in bütün xidmətləri vahid mərkəzdən təqdim ediləcək. Bu mərkəzlərdə rabitə və poçt xidmətləri üzrə ödənişlər qəbul ediləcək və özünəxidmət terminalları fəaliyyət göstərəcək. İlk “Şəbəkə” xidmət mərkəzi Üzeyir Hacıbəyov 36. ünvanında yerləşən 1 saylı poçt filialında istifadəyə veriləcək.

Gələcəkdə respublika üzrə bütün rayon mərkəzlərində “Şəbəkə” xidmət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi