Azərbaycanda poçt sahəsində yeni xidmət istifadəyə verilib

Azərbaycanda poçt sahəsində yeni xidmət istifadəyə verilib Xidmət itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması üçündür
İKT
2 Mart , 2017 11:35
Azərbaycanda poçt sahəsində yeni xidmət istifadəyə verilib

Bakı. 2 mart. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında “Azərpoçt” MMC-nin reallaşdırdığı yeni sosial layihə çərçivəsində “Poçtap” xidmətini istifadəyə verilib. 

NRYTN-dən "Report"a verilən məlumata görə, “Poçtap” itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edir.

Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyatı üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyatı orqana təslim edilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi istənilən poçt qutusuna ata və ya istənilən poçt şöbəsinə, eləcə də “Şəbəkə” xidmət mərkəzlərinə anonimliyini qorumaq şərti ilə təhvil verə bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınmaqla avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və tapıldığı təqdirdə telefon mərkəzi əməkdaşı tərəfindən həmin şəxslə əlaqə yaradılır.

Eyni zamanda, sənədini itirmiş şəxs “Poçtap” xidmətinin rəsmi internet səhifəsindən - http://www.pochtap.az, “169” saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmamasını öyrənə bilər və tapılmadığı təqdirdə itirilən sənədi axtarışa verə bilər.

Beləki, http://www.pochtap.az internet səhifəsində “Sənədimi itirmişəm” bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək, itirilən sənəd barədə elan yerləşdirmək mümkündür.

Bundan başqa, itirilən sənədlə bağlı “Poçtap” xidmətinin bazasında məlumatın olması, sənədin hazırki statusu, hansı poçt filialı və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün “Axtar” bölməsinə müvafiq məlumatları daxil edərək, axtarış etmək mümkündür. 

Sənədi tapılan şəxs onu sənədinin mövcud olduğu filialdan əldə edə və ya telefon mərkəzinə müraciət edərək özünə yaxın poçt şöbəsinə çatdırılmasını sifariş edəbilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 10 gündür. Sənədin sahibinin xahişi ilə bu müddət 1 ayadək uzadıla bilər.

Qeyd edək ki, “Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1,8 manat xidmət haqqı ödəyəyərək sənədi poçt şöbələrindən və “Şəbəkə” xidmət mərkəzlərindən təhvil ala bilər. Sənədin lazımi ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu “Azərekspresspoçt”un xidmət tariflərinə uyğun hesablanır. 

Son xəbərlər

Orphus sistemi