Bakı. 5 aprel. REPORT.AZ/ AMEA Rəyasət Heyətində Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası (RETƏŞ) üçün “Elmi problemlər reyestri” və “Dissertasiya mövzuları reyestri” informasiya sistemlərinin yaradılması məsələlərinə həsr olunan dəyirmi masa keçirilib. “Report” AMEA İnformasiya Texnologiyaları İnstitutuna istinadən xəbər verir ki, tədbirdə qeyd edilən sistemlərin konsepsiyalarının ilkin variantları müzakirə olunub.
"Dəyirmi masa"da AMEA-nın akademik-katibi,İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik
R.Əliquliyev çıxışında qeyd edib ki, bu layihələr elmin əlaqələndirilməsi, ölkədə bu istiqamətdə məlumat qıtlığının aradan qaldırılması və müxtəlif elmi problemlər üzrə aparılan araşdırmalar haqqında zəruri məlumatların ictimaiyyətə çatdırılması məqsədini daşıyır.
Akademikin sözlərinə görə, respublikanın elmi-texniki, iqtisadi, sosial və mənəvi inkişafına yönələn fundamental və perspektiv elmi istiqamətlər üzrə araşdırılan müxtəlif elmi problemlər, həmçinin fəlsəfə doktoru və elmlər doktoru üzrə dissertasiya mövzuları haqqında məlumatlar müvafiq olaraq “Elmi problemlər reyestri” və “Dissertasiya mövzuları reyestri”ndə əksini tapacaq. Reyestrlərdə toplanan bu məlumatların analizi ölkədə elmi tədqiqatların təşkilində, əlaqələndirilməsində, idarə olunmasında, qiymətləndirilməsində, büdcə vəsaitlərinin təyinatlı və səmərəli istifadə edilməsində, təkrarçılığın aşkarlanması və aradan qaldırılmasında mühüm rol oynayacaq.
Tədbirdə təqdimatla çıxış edən institutun proqramçısı Yusif Sadıyev yaradılan sistemin “AzScienceNet” elm kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdiriləcəyini, AMEA-nın rəsmi www.science.gov.az portalından sistemlərə keçid imkanının olacağını diqqətə çatdırıb.
Eyni zamanda, R.Əliquliyev sistemlərin funksionallığı, yaradılmasında istifadə olunacaq proqramlaşdırma dilləri, verilənlər bazaları, giriş məlumatlarının toplanması, sistemə daxil edilməsi və axtarış qaydaları haqqında ətraflı məlumat verib.
Tədbirin sonunda “Elmi problemlər reyestri” və “Dissertasiya mövzuları reyestri” informasiya sistemlərinin layihələndirilməsi və istismarı ilə bağlı müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.