Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə tələbə qəbulu başlayıb

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə tələbə qəbulu başlayıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yeni tədris proqramı üçün qeydiyyatın başladığını elan edib.
İKT
2 May , 2023 16:37
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə tələbə qəbulu başlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yeni tədris proqramı üçün qeydiyyatın başladığını elan edib.

Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.

Məlumata görə, mərkəzin təqdim etdiyi təlimlərdən yararlanmaq üçün 18 yaşdan yuxarı və ingilis dili biliklərinə malik olan ölkə vətəndaşları müraciət edə bilərlər.

Qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinə cəlb olunacaqlar. Belə ki, israilli mütəxəssislərin keçirəcəyi imtahanda namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrə bilik və bacarıqları və ingilis dili səviyyəsi yoxlanılacaq. Daha sonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfər təlimlərdə iştirak hüququ əldə edəcək.

Proqrama qəbul olunan şəxslərə israilli müəllimlər “Technion” İnstitutunun təlim proqramına əsasən dərslər keçəcək, nəzəri və praktiki biliklər öyrədəcək. Təlimlər 6 ay davam edəcək. Təlimlərdə 3 növ mütəxəssisin hazırlanması planlaşdırılır: “Red Team” (hücum), “Blue Team” (müdafiə), “SOC Team” (analitika). Hər birində 20 nəfər olmaqla hücum, müdafiə və analitiklərdən ibarət komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Təlimi uğurla bitirənlərə “Technion” İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.

Təlimlərdə qeydiyyat üçün son tarix 31 may 2023-cü ildir.

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 3 il ərzində 1 000-dən çox şəxsə təlim verməsi nəzərdə tutulub. Tədris müddətində ixtisaslaşmış kadr hazırlığı ilə yanaşı, məlumatlandırma, yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması, kibertəhlükəsizlik məhsullarının araşdırılması, məhsul hazırlığı istiqamətində də təlimlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi