Azərbaycan ilə İran telekommunikasiya və poçt sahəsində əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan ilə İran telekommunikasiya və poçt sahəsində əməkdaşlığı genişləndirmək istəyir Bununla bağlı Bakıda Azərbaycan və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları nazirləri arasında görüş olub
İKT
1 Avqust , 2016 20:14
Azərbaycan ilə İran telekommunikasiya və poçt sahəsində əməkdaşlığı genişləndirmək istəyir

Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycan ilə İran arasında telekommunikasiya və poçt sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a bildirilib ki, Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə telekommunikasiya və poçt sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, regional layihələrdə birgə iştirak, “Elektron hökumət” modelinin inkişafı üçün təcrübə mübadiləsinin intensivləşdirilməsi, sərhədyanı ərazilərdə radio tezliklərin tənzimlənməsi, kibertəhlükəsizlik, peyk, mobil rabitə və internet xidmətləri sahələrində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

R.Quluzadə həmkarı ilə ilk görüşündən ötən müddət ərzində ölkələrimiz arasında rabitə və yüksək texnologiyalar sektorunda həyata keçirilən işlərin sürətləndirildiyini bildirib. Nazir İranın özəl İT şirkətlərinin Azərbaycanın İKT sektoruna cəlb edilməsinin məqsədəuyğun olduğunu qeyd edərək, bunun üçün “Bakutel” beynəlxalq informasiya texnologiyaları sərgi-konfransının uğurlu platforma olduğunu diqqətə çatdırıb. O, internet trafikinin ötürülməsi istiqamətində uğurlu təcrübənin olduğunu vurğulayaraq, kibertəhlükəsizliyin təmin olunmasında da əməkdaşlığın zəruriliyini qeyd edib.

M.Vaezi isə rabitə və yüksək texnologiyaları sahəsi üzrə əlaqələrin daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, qarşılıqlı əməkdaşlıq beynəlxalq təşkilatlarda da ölkələrimizin bir-birini dəstəkləməsinə imkan verir. Nazir qeyd edib ki, ümumiyyətlə, sahə üzrə mövcud olan potensial imkanlardan geniş istifadə olunmalıdır.

Sonda görüş çərçivəsində müzakirə olunan məsələlərin mövcud İşçi Qrup tərəfindən qısa vaxtda icrasına başlanılması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi