Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edir

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kosmik Agentliyin (keçmiş "Azərkosmos" ASC) nümayəndə heyəti oktyabrın 25-dən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən və oktyabrın 29-da başa çatacaq Beynəlxal
İKT
26 Oktyabr , 2021 10:26
Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kosmik Agentliyin (keçmiş "Azərkosmos" ASC) nümayəndə heyəti oktyabrın 25-dən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən və oktyabrın 29-da başa çatacaq Beynəlxalq Astronavtika Konqresində iştirak edir.

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Beynəlxalq Astronavtika Federasiyasının hər il ənənəvi olaraq keçirdiyi və qlobal səviyyədə kosmik sahənin nümayəndələrini bir araya toplayan konqres bu il “Bəşəriyyət naminə addım ataq, yenilik edək və kəşf edək” mövzusuna həsr olunub. Bu mövzu ətrafında konqresə kosmik sahədə fəaliyyət göstərən ölkələrin hökumət rəsmiləri, dövlət və qeyri-hökumət qurumları, beynəlxalq təşkilatlar, nüfuzlu tədqiqat və inkişaf mərkəzlərinin nümayəndələri, astronavtika sahəsi üzrə elm adamları və kosmonavtlar qatılıblar.

“IAC 2023 Baku” və “Azərkosmos” stendləri ilə konqresdə təmsil olunan “Azərkosmos”un nümayəndə heyəti tədbir iştirakçılarına Azərbaycanın kosmik sənayesinin tarixi, ölkəmizdə həyata keçirilən kosmik proqramlar və peyklərin rolu barədə ətraflı məlumat verib.

Açılış mərasimində dünyanın aparıcı kosmik agentlikləri və inkişaf etməkdə olan ölkələrin bu sahədə təcrübəsi, onların inkişaf yolu, həmçinin dünya peyk sənayesində baş verən yeniliklər, tədqiqat və inkişaf üzrə innovativ texnologiyaların tətbiqində kiçikölçülü peyklərin istifadəsi və imkanları barədə panel çıxışları olub.

Panel çıxışlarında auditoriyaya ölkəmizin son 10 ildə kosmik sahədə əldə etdiyi nailiyyətlər, Kosmik Agentliyin fəaliyyəti, qlobal və regional səviyyədə kosmik diplomatiya və tərəfdaşlığın qurulması, kosmik elm, təhsil və sənaye sahələrində davamlı formada bilik və bacarıqların artırılması, habelə telekommunikasiya və Yer müşahidəsi xidmətləri üzrə qurulan əməkdaşlıqların ölkəmiz üçün əhəmiyyətindən bəhs olunub.

Beynəlxalq Astronavtika Konqresi 70 illik tarixində ilk dəfə ərəb regionunda keçirilir. Konqres BƏƏ-nin Mars planetinə gediş-dönüş missiyaları, “Global Networking Forum” kimi maraqlı və zəngin proqramları ilə bu həftə dünyanın yeni kosmik tendensiyalarını gündəmdə saxlayacaq.

Tədbirin növbəti günlərində keçiriləcək plenar iclas və texniki sessiyalarda kosmik sahə üzrə süni intellektin istifadəsi, müasir peyk həlləri, elm və innovativ texnologiyaların əhəmiyyəti, insan kapitalının möhkəmləndirilməsi və həyata keçirilən təşəbbüslər haqqında fikir mübadiləsi aparılacaq. Builki konqres kosmik sahədə artıq öz sözünü demiş, habelə inkişaf etməkdə olan ölkələr arasında beynəlxalq əlaqələri gücləndirməklə kosmosun imkanlarını və yeni tendensiyalarını hər kəs üçün əlçatan və faydalı hala gətirmək üçün mühüm platformadır.

Kosmik Agentliyin bu konqresdə təmsil olunması 2023-cü ildə Bakı şəhərinin ev sahibi olacağı 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlıq prosesinin sürətlə davam etdiyinin göstəricisidir. Ölkəmizdə keçiriləcək konqres kosmik sektorun ekosistemini daha da inkişaf etdirmək, gələcək nəsillərə kosmosun əhəmiyyətini aşılamaq və ölkəmizdə kosmik sahədə təşəbbüslərə töhfə vermək baxımından yeni imkanlar açacaq.

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos”un idarə etdiyi “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb.

Son xəbərlər

Orphus sistemi