Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ-ın “Cybernet Communication Inc.” şirkətinin Azərbaycandakı filialı olan “Avirtel” (internet provayderi) şirkəti göstərdiyi xidmətlərin mövcud qiymətlərində dəyişiklik edə bilər. Bu barədə "Report"a açıqlamasında şirkətin rəqəmsal marketinq üzrə mütəxəssisi Samirə Haşımzadə məlumat verib.
Ş.Haşımzadə bildirib ki, hazırda internet provayder ölkədə baş verən milli valyutanın devalvasiyası ilə əlaqədar müştəri məmnunluğunu təmin etmək məqsədi ilə qiymətləri artırmamağa çalışır: “Ölkədə baş verən devalvasiya ilə bağlı qiymətin artmaması üçün maksimum dərəcədə əlimizdən gələni etməyə çalışırıq. Lakin, xidmətin təşkili zamanı üçüncü tərəflə əmakdaşlıq edən şirkət qiymətin tənzimləməsində onlardan asılıdır. Əməkdaşlıq etdiyimiz şirkətlər tariflərində hər hansı bir dəyişiklik edərsə, avtomatik olaraq bu, bizim xidmət haqlarımıza da təsir edəcək”.
S.Haşımzadə vurğulayıb ki, tarif dəyişikliyinin hansı xidmətlər üzrə baş verə biləcəyi hələ dəqiq müəyyənləşdirilməyib: “Şirkətimizdə abunəçilər üçün hazırda mövcud olan tariflər və ya paketlərin (ADSL standart və ya biznes; mənzillər üçün fiber-optik, korporativ) hansında dəyişiklik olacağı bilinmir. Əgər əməkdaşlıq etdiyimiz digər şirkətlər qiymətləri dəyişməsə, biz bu il köhnə qiymətlərlə abunəçilərə xidmət göstərəcəyik. Devalvasiya səbəbindən xidmətlərimizdə qiymət dəyişikliyi olsa belə, bu, həyata keçirdiyimiz “Birdəfəlik ödə, endirim qazan” kampaniyasına təsir göstərməyəcək. Belə ki, bu il sözügedən kampaniyadan yararlanan internet müştərilərimiz 4 ay öncədən ödəniş etməklə 1 aylıq, 7 ay öncədən ödəniş etməklə 2 aylıq, 9 ay öncədən ödəniş etməklə 3 aylıq hədiyyə internet əldə edəcəklər”.
Mütəxəssis vurğulayıb ki, 2016-cı ildə "Avirtel" şəbəkəsini genişləndirəcək: “Avirtel”in göstərdiyi xidmətlər sırasında olan “088 Toll Free” xidmətinin tətbiqini bu il daha da genişləndirməyi nəzərdə tutmuşuq. Beynəlxalq və yerli telekommunikasiya xidməti olan “Toll Free”nin özəlliyi ondan ibarətdir ki, 088 prefiksli 7 rəqəmli nömrələrə zəng edən abunəçilər tərəfindən heç bir ödəniş edilmir. Əvəzində, ödənişi zəngi qəbul edən “Toll Free” nömrəsinin sahibi edir. Bununla belə, bu il dövlətin dəstəyi ilə “Sürətli internet” layihəsini, son istifadəçilərə mis telefon kabeli üzərindən 50 Mbit və daha yuxarı sürətlə internet xidmətləri təqdim etməyi planlaşdırırıq. Eyni zamanda, hər il olduğu kimi, bu il də müştərilərimiz üçün bir sıra yenilikləri və kampaniyaları həyata keçirməyə davam edəcəyik”.
Məlumat üçün qeyd edək ki, “Avirtel” 2000-ci ildə İKT xidmətlərini təmin etmək məqsədilə təsis olunub. Şirkətin Bakı və Azərbaycanın 40 regionunda xidmət, məhsul və İKT həlləri üzrə şəbəkəsi mövcuddur. Yaxın zamanlarda şirkət yeni texnoloji salonunu müştərilərə təqdim edəcək.