AMEA IV sənaye inqilabının yaratdığı kompleks problemləri tədqiq edəcək

AMEA IV sənaye inqilabının yaratdığı kompleks problemləri tədqiq edəcək Oktyabrın 27-də NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri”
İKT
27 Oktyabr , 2021 18:42
AMEA IV sənaye inqilabının yaratdığı kompleks problemləri tədqiq edəcək

Oktyabrın 27-də NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfrans öz işinə başlayıb.

"Report" xəbər verir ki, konfransın açılış mərasimində Azərbaycan dövlətinin yüksək vəzifəli şəxsləri, AMEA-nın elmi-tədqiqat institutlarının rəhbərləri, 20-yə yaxın ölkəni, o cümlədən Türkiyə, ABŞ, Kanada, Polşa, Ukrayna, İsveç və Qazaxıstanı, müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssislər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq bütün tədbir iştirakçılarını salamladı, bir sıra mühüm aktual problemlərin müzakirəsi və həlli yollarının axtarışına həsr olunmuş beynəlxalq konfransın böyük əhəmiyyətə malik olduğunu vurğuladı. IV sənaye inqilabının təsiri ilə dünyada yeni reallıqların meydana gəldiyini söyləyən AMEA-nın vitse-prezidenti Əşyaların İnterneti texnologiyalarının və kiberfiziki sistemlərin insan fəaliyyətinin bütün sferalarına – idarəetməyə, hərbi sahəyə, iqtisadiyyata, sənaye və kənd təsərrüfatına, rabitə və nəqliyyat infrastrukturuna, müxtəlif kritik fəaliyyət sahələrinə tətbiqi sayəsində bəşəriyyətin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib.

Akademik İsa Həbibbəyli virtual məkanda potensial və mövcud olan təhlükələrlə, kiberhücumlarla mübarizə aparılması, etibarlı kibermüdafiə sisteminin yaradılması, milli və qlobal səviyyələrdə bütün növ resursların səfərbər olunması, beynəlxalq hüquq çərçivəsində yeni tənzimləyici mexanizmlərin işlənməsi, ölkələr arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, alimlərin məqsədyönlü araşdırmalar aparmalarının önəmindən bəhs etdi. Artıq bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən çox əhəmiyyətli qərarların qəbul olunduğunu, müvafiq dövlət orqanlarının öz üzərlərinə düşən vəzifələri lazımi səviyyədə həyata keçirdiklərini diqqətə çatdırdı.

Akademik bildirdi ki, yeni çağırışları və reallıqları əsas götürən Milli Elmlər Akademiyasının fəaliyyətinin yaxın gələcək üçün prioritet istiqamətlərindən biri də məhz IV sənaye inqilabının yaratdığı kompleks problemlərin tədqiq edilməsi, cəmiyyətin bütün sferalarının kompleks təhlükəsizliyinin təmin edilməsinin elmi-nəzəri problemlərinin araşdırılmasından ibarətdir.

İsa Həbibbəyli NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyilə keçirilən mötəbər konfransı Azərbaycan-NATO əməkdaşlığına mühüm töhfə kimi qiymətləndirdi, buna görə NATO rəhbərliyinə Azərbaycan elmi ictimaiyyəti adından dərin minnətdarlığını ifadə etdi.

NATO-nun rəsmi nümayəndəsi James Appathurai, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin müdiri Vüsal Xanlarov, Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsinin rəhbəri, Beynəlxalq Layihələr Üzrə Koordinator, baş tədqiqatçı, professor Jacek Gajewski, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Cəfər Hüseynzadə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, ATƏT-in Orta Asiyada gömrük işi üzrə beynəlxalq eksperti, gömrük xidməti general-mayoru, texnika elmləri doktoru, professor İqbal Babayev, İnternet Şöhrət zalının çağırışçısı George Sadowsky, AMEA-nın akademik-katibi, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov, AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Stokholm Universitetinin professoru Oliver Popov çıxış edərək, tədbirin önəmindən bəhs etdilər, konfransın işinə uğurlar arzuladılar.

Sonra AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək, beynəlxalq konfransın qonaqlarını, təşkilatçılar, iştirakçılar və media nümayəndələrini salamladı.

R.Əliquliyev belə bir mühüm konfransın təşkilində göstərdiyi dəstəyə görə NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramına minnətdarlığını ifadə etdi. Alim NATO ilə Elmlər Akademiyasının əməkdaşlığının 2003-cü ildə təsis edilmiş “Virtual ipək yolu” layihəsindən başlandığını söylədi. Bugünkü konfransda Industry 4.0 inqilabının çağırışları nəticəsində meydana çıxan Əşyaların İnterneti infrastrukturlarının, kiberfiziki sistemlərinin, bir sözlə, əməliyyat texnologiyalarının kibertəhlükəsizliyi problemlərinin müzakirəsi və həll yolları ilə bağlı müzakirələrin aparılacağını diqqətə çatdırdı.

Akademikin fikrincə, CPS-lərin kibertəhlükəsizliyi ənənəvi informasiya-kommunikasiya sistemlərinin kibertəhlükəsizliyindən fərqli olaraq, cəmiyyətin müxtəlif təyinatlı kritik texnoloji infrastrukturlarının dayanıqlı və etibarlı fəaliyyət göstərməsinin təmin olunması vəzifələrini qarşısına prioritet məqsəd qoyur.

Konfransa təqdim olunan məruzələrin cəmiyyətin müxtəlif sferalarında süni intellekt və Əşyaların İnterneti texnologiyalarının geniş tətbiqini, onların kibertəhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan nəzəri və praktiki problemlərin araşdırılmasına həsr olunduğunu söyləyən R.Əliquliyev konfrans ərzində çox səmərəli müzakirələrin aparılacağına, gələcək üçün yeni elmi layihələrin əsasının qoyulacağına inamını ifadə etdi.

Son xəbərlər

Orphus sistemi