Yuxarı

Azərbaycanlı K-1 ustası Zabit Səmədov Bakıda pərəstişkarları ilə görüşüb - FOTO

O, əvvəlcə jurnalistlərin suallarını cavablandırıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün azərbaycanlı K-1 ustası Zabit Səmədov pərəstişkarları ilə görüşüb.

"Report"un xəbərinə görə, görüş "Park Bulvar" ticarət mərkəzində təşkil olunub. Z.Səmədov əvvəlcə jurnalistlərin suallarını cavablandırıb.

Dövlət başçısı İlham Əliyevlə görüşündən danışan idmançı bununla fəxr etdiyini və böyük fərəh hissi keçirdiyini bildirib. 

Daha sonra karyerası, son qələbəsi və Bakıya səfərindən söz açıb.

Böyük azarkeş izdihamı ilə keçən görüşdə idmançı pərəstişkarlarına avtoqraf verib, onlarla şəkil çəkdirib, tədbirə gələn hər kəsə təşəkkür edib. 

Qeyd edək ki, Z.Səmədov Qroznı şəhərində Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində "WBC Muaythai" versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşıb. Döyüş rəqibin hücumları ilə başlayıb. Qarşılaşmanın əvvəlində müdafiə mövqeyi tutan Zabit gözlənilmədən Moroşanunun sinəsinə güclü diz zərbəsi endirib. Rəqib nokaut vəziyyətinə düşdüyündən, Z.Səmədov qalib elan olunub. Döyüş 1 dəqiqə 13 saniyə davam edib və 1-ci raundda yekunlaşıb. Həmin döyüşdə Z.Səmədovu Bakıdan Qroznıya getmiş 120-yə yaxın azarkeş dəstəkləyib. Turnir çərçivəsində kikboksinq, muaytay və klassik boks qaydaları üzrə 13 qarşılaşma baş tutub: 8 ilkin, 4 əsas və 1 başlıca. Rinqə 11 ölkə – Rusiya, Rumıniya, Belarus, Hollandiya, Xorvatiya, Estoniya, Azərbaycan, Tunis, Özbəkistan, Gürcüstan və Surinam nümayəndəsi çıxıb. Mərkəzi görüş Zabit Səmədovla Katalin Moroşanu arasında baş tutub və yekunda "Mauquli" ləqəbli Azərbaycan idmançısı "WBC Muaythai" versiyası üzrə dünya çempionu kəmərinə yiyələnib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi