Yuxarı

​Siyasət idmana işləyəndə - ŞƏRH

Qoy, güclü qalib gəlsin şüarına etiraz edilməyən idmanda şəffaflıq vacibdir

Bakı. 16 noyabr. REPORT.AZ/ İkinici dünya müharibəsindən sonra idman yarışları ilə bağlı "İdman siyasətə qarışmır", "Dostluq qələbə qazansın", "Qoy, güclü zəfər çalsın" kimi deyimlər meydana çıxdı.

Hazırda siyasətin idmana təsirini azaltmağa və ondan xalq diplomatiyasında yararlanmağa cəhd olunur.

İdmandan bir-biri ilə "küsülü" olan dövlətlərin münasibətlərinin yaxşılaşdırılması istiqamətində addım kimi günümüzdə də istifadə edilməkdədir.

Bir örnək. ABŞ-la İran arasında münasibət olmadığı halda iki ölkənin basketbolçuları, futbolçuları, güləşçiləri müxtəlif yarışlarda üz-üzə gəlməkdə və öz aralarında yoldaşlıq görüşləri keçirməkdədirlər.

Bu baxımdan, yeri düşdükcə idman siyasətə, siyasət idmana təsir etməkdədir.

Cari ilin mayında Beynəlxalq Futbol Assosiasiyaları İttifaqındakı (FİFA) korrupsiya qalmaqalı və ya qurumda baş verən hadisələr, eləcə də Rusiyanın 8 yüngül atletinin dopinq qəbul etməsi ilə bağlı məsələ siyasi maraqların toqquşması fonunda aşkarlanıb.

Ona görə də hər iki neqativ və idmana, dostluğa, düzlüyə yaraşmayan hadisənin ortaya çıxmasında siyasi amilin təsiri yetərincə olub. Məlum eybəcərlikləri ortaya çıxardığı üçün bu kimi məqamlarda siyasətin idmana qarşı olduğunu demək azı insafsızlıq olardı.

Yeri gəlmişkən, həmin hadisələr haqda qısa məlumatları da xatırladaq.

Bu il mayın 27-də ABŞ ədliyyə qurumunun müraciəti əsasında Sürix polisi FİFA-nın 14 keçmiş və hazırda fəaliyyətdə olan futbol funksionerini, o cümlədən Ceffri Uebbi həbs edib. ABŞ Ədliyyə Nazirliyinin hesablamasına əsasən, son 24 ildə həmin məmurlar 150 milyon dollara yaxın rüşvət alıblar.

Həmin ayda FİFA-nın bir neçə yüksək vəzifəli məmuru korrupsiya ittihamı ilə həbs olunub. İstintaqın əsas obyektləri DÇ-2018 (Rusiya) və DÇ-2022-yə (Qətər) ev sahibi seçkisində ehtimal olunan korrupsiya məsələsidir.

O biri hadisə isə Rusiyanın 8 idmançısının Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) məmurlarına verilən böyük məbləğdə rüşvət qarşılığında dopinq cəzasından qurtulmasıdır. Məlumata görə, hadisə 2012-ci il London Yay Olimpiya Oyunlarından öncə baş verib. Sonradan həmin idmançılar Oyunların qalib və gümüş mükafatçıları olublar. Rüşvəti alanlar isə İAAF-ın sabiq prezidenti Lamine Diak və İAAF-ın antidopinq departamentinin keçmiş rəhbəri Qabriel Dolle olub. Rüşvətin ümumi məbləği 1,2 milyon avro təşkil edib.

Qeyd edək ki, Lamine Diak noyabrın 4-də korrupsiyada şübhəli bilinərək, həbs olunub. O və vəkili Ümumrusiya Atletika Federasiyasından rüşvət almaqda şübhəli bilinirlər.

Göründüyü kimi, hər iki hadisə Rusiya ilə bağlıdır. Başqa sözlə, idmandakı neqativ hadisələr Qərblə Krem arasındakı siyasi ixtilafın nəticəsində meydana çıxıb.

Rusiyanın idman naziri Vitali Mutkonun açıqlamasına əsasən, DÇ-2018-in ölkəsində keçirilməsi artıq böyük məbləğə sığortalanıb: "Yarışların Rusiyada keçirilməsinə heç kəs mane ola bilməz. FİFA İcraiyyə Komitəsi 2018-ci il çempionatının Rusiyada keçiriləcəyini dəfələrlə təsdiqləyib".

İndi növbə Rusiya yüngül atletlərinin 2016-cı il Rio de-Janeyro Yay Olimpiya Oyunlarına qatılması ilə bağlı məsələnindir. Onların olimpiadaya qatılmama təhlükəsi qalmaqdadır.

2016-cı il fevralın 26-da FİFA-nın qurultayıdır. Qurultayda quruma prezident seçkisi keçiriləcək. Seçkiyə buraxılan namizədlər bunlardır: UEFA-nın baş katibi Canni İnfantino, cənubi afrikalı Tokio Seksvale, İordaniya şahzadəsi Əli ibn əl-Hüseyn, FİFA baş katibinin sabiq müavini Jerom Şampan və Asiya Futbol Konfederasiyasının rəhbəri şeyx Salman ibn İbrahim əl-Xəlifə olub.

Xatırladaq ki, FİFA-ya 1998-ci ildə prezident seçilmiş Yozef Blatter mayın 29-da 5-ci müddətə bu vəzifəyə seçilsə də, iyunun 2-də korrupsiya qalmaqalı dalğasında postundan getdiyini elan edib.

Fəaliyyətinə, mənsub olduqları yerə əsasən, belə ehtimal etmək olar ki, ən şanslı namizəd UEFA-nın baş katibi Canni İnfantinodur. Çünki o, 2009-cu ildən bu vəzifədə çalışır. Onun namizədliyinə Mişel Platininin də lobbiçilik edəcəyi istisna edilmir. Yozef Blatter kimi o da İsveçərə vətəndaşıdır. Bu məsələdə ölkənin adını və Avropa qitəsinin etimadını geri qaytarma məsələsi də az önəm daşımayacaq. Belə amilləri nəzərə alsaq, İnfantinonun seçkidə qalib gələcəyi ehtimalı az deyil.

Beləliklə, 2018-ci il futbol üzrə dünya çempionatı Rusiyada keçirilən, hətta bu ölkənin gimnastları Rio-de-Janeyro olmpiadasında çıxış da edə bilərlər.

Ancaq yuxarıda qeyd etdiyimiz idmandakı iki çirkin hadisəni aşkarlayan siyasi proseslər olub. İdmanı siyasətə qatmaq, onu siyasi proseslərə alət etmək istməyənlər, məşğul olduqları işin nüfuzunu daha yükəskdə tuta biləcəklərmi?! Baş verənlər sübut etdi ki, "Qoy, güclü qalib gəlsin" şüarına etiraz edilməyən idmanda şəffaflıq vacibdir. Şəffaflıq tam təmin edilmədiyindən görünür, siyasət idmanda gizlinlərin aşkarlanması üçün hələ çox yardım edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi