Yuxarı

Naxçıvanda kikboksinq turnirinə yekun vurulub

Naxçıvanda kikboksinq turnirinə yekun vurulub
Qaliblərə kuboklar və kəmər təqdim olunub

Bakı. 3 may. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş kikboksinq üzrə peşəkarlararası reytinq və kəmər döyüşləri uğrunda turnirə yekun vurulub.

"Report"un xəbərinə görə, turnirin açılış mərasimində Naxçıvanın gənclər və idman naziri Azad Cabbarov Azərbaycanda idmanın inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib.

O bildirib ki, aparılan məqsədyönlü idman siyasəti idmançılarımın beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında uğurlu çıxışlarına zəmin yaradıb: “Azərbaycan artıq dünyada bir idman ölkəsi kimi tanınır. Bunun nəticəsidir ki, hər il ölkəmiz beynəlxalq səviyyəli mötəbər tədbirlərə ev sahibliyi edərək uğurlara imza atır. Ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsi kimi bu gün Naxçıvan Muxtar Respublikasında da beynəlxalq səviyyəli idman tədbirləri təşkil edilir. Sevindirici haldır ki, muxtar respublikada ölkəmizi layiqincə təmsil edən gənc idmançılar nəsli yetişib, idman ustaları formalaşıb. Bütün idman növləri kimi, kikboksinq idman növü üzrə də muxtar respublika idmançıları ölkə, dünya və Avropa çempionatlarında bir sıra nailiyyətlər əldə ediblər”.

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, deputat Adil Əliyev çıxışında deyib ki, ölkəmiz müxtəlif idman növləri üzrə respublika, qitə və beynəlxalq səviyyəli yarışların keçirildiyi məkana çevrilib: “Bu, Azərbaycanın idman ölkəsi kimi tanınmasından və dünya ölkələri arasında böyük nüfuz qazanmasından xəbər verir. Sürətlə inkişaf edən, gündən-günə daha da gözəlləşən Naxçıvan Muxtar Respublikasında mövcud olan ən müasir idman infrastrukturu burada nüfuzlu idman tədbirlərinin keçirilməsinə şərait yaradır. Muxtar respublikada idmana, idmançılara xüsusi diqqət və qayğı göstərilir".

Federasiya prezidenti kikboksinq idman növünün inkişafında göstərdikləri xidmətlərə görə Şərur Olimpiya İdman Kompleksinin direktoru Rza Camalovu, AKF-nin İdarə Heyətinin üzvləri Pərviz Tağıyevi və Famil İsmaylovu Fəxri fərmanlarla təltif edib, Namiq Musayevə və Natiq Yaqubova beynəlxalq məşqçilik sertifikartlarını təqdim edib.

Sonra kikboksinq üzrə peşəkarlararası reytinq və kəmər döyüşlərinə start verilib. Rinqdə 7 çəki dərəcəsində 14 idmançı K-1 versiyası üzrə mübarizə aparıblar.

Reytinq görüşlərində 63,5 kiloqram çəki dərəcəsində “Quba” idman klubunun yetirməsi Turan Qafarov, 67 kiloqramda Azərbaycan Daxili İşlər Nazirliyi İdman Cəmiyyətini təmsil edən Ruslan Musayev, 71 kiloqramda “Qızıl Əlcək” idman klubunun yetirməsi Rəhim Əliyev, 86 kiloqramda “Naxçıvan” idman klubunu təmsil edən Orxan Məlikov, 91 kiloqramda “Quba” idman klubunun təmsilçisi Asəf Aslanov qalib gəliblər.

Azərbaycan Kəməri uğrunda döyüşün qalibi 60 kiloqram çəki dərəcəsində gücünü sınayan, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təmsilçisi Zöhrab Əzimov olub.

Turnirin sonuncu döyüşündə 75 kiloqram çəki dərəcəsində üz-üzə gələn DİN İdman Cəmiyyətinin təmsilçisi Emil Mövsümzadə və “Qarabağ” idman klubunun təmsilçisi Alişan Aslanlı arasında gedən gərgin mübarizədə Emil Mövsümzadə adını qaliblər sırasına yazdırmağı bacarıb.

Sonda qaliblərə kuboklar və kəmər təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi