Yuxarı

"Mançester Yunayted" Yay Futbol Məktəbinin 7 qalibi İngiltərəyə gedəcək

"Mançester Yunayted" Yay Futbol Məktəbinin 7 qalibi İngiltərəyə gedəcək
Fedja Hadziç: Gələn aylarda Mançester Yunayted klubunun ulduz futbolçularının Azərbaycana səfəri nəzərdə tutulub

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bu gün “Mançester Yunayted” dördüncü Yay Futbol Məktəbinin qalibləri ilə Bakı Olompiya Stadionunda görüş keçirib.

“Report” xəbər verir ki, Bakıda təşkil olunan “Mançester Yunayted” dördüncü Yay Futbol Məktəbində təlim zamanı ən yüksək nəticələr göstərən 7 gəncə Mançesterə səfər etmək hüququnu verən sertifikat təqdim edilib.

Dekabrın 10-dan 15-dək baş tutacaq İngiltərə səfəri zamanı gənc istedadlar “Mançester Yunayted” klubu ilə tanış olacaq və klubun oyununu izləyəcəklər. Sözügedən səfərin xərcləri “Bakcell” tərəfindən qarşılanır.

Tədbirdə çıxış edən “Bakcell”in baş marketinq və satış üzrə direktoru Fedja Hadziç bildirib ki, AFFA və “Mançester Yunayted” hər il təşkil edilən Yay Futbol Məktəbində uşaqlar üçün lazımi şəraiti yaratmağa çalışıb: “Bu uşaqlar Azərbaycan futbolunun gələcəyidir. Bu ilin sentyabr ayında Yay Futbol Məktəbində “Mançester Yunayted” futbol məktəbindən Azərbaycana ezam olunan məşqçilərin keçirdiyi təlim-məşq toplanışında AFFA-nın dəstəyilə təşkil olunan seçimlərdən 9-12 yaşlı 32 gənc iştirak edib. Təlim-məşq toplantısının bütün iştirakçılarına klubun xüsusi sertifikatı təqdim olunub. Ən yaxşı nəticə göstərən 7 nəfər isə Maçesterə gedəcək. Ümid edirik ki, bu il də Mançesterə səfər edən gənclər ilk öncə Azərbaycanı, daha sonra isə üzv olduqları futbol klubunu layiqincə təmsil edəcəklər. Biz istəyirik ki, bu gənclər burada öyrəöndiklərini tətbiq etməklə, özlərini təkmilləşdirib bu sahədə daha da irəli gedib, ölkələrinə tövhə versinlər”.

F.Hadziç onu da əlavə edib ki, “Mançester Yunayted”lə olan razılaşmaya əsasən gələcək aylarda klubun ulduz futbolçuları Bakıya təşrif buyura bilər: “Klubla olan razılaşmamıza əsasən, “Mançester”in ulduz futbolçuları Bakıya gəlməlidir. Sadəcə futbolçuların iş qrafiklərinin sıx olması bu səfərlərin təşkilini çətinləşdirir. Buna baxmayaraq klubun ulduz futbolçularının gələn aylarda Azərbaycana səfərinin təşkil edilməsi nəzərdə tutulub”.

AFFA-nın baş katibi Elxan Məmmədov çıxışında qeyd edib ki, Assosiasiya artıq 4 ildir “Bakcell”ə birgə “Mançester Yunayted” Yay Futbol Məktəbinin təşkilində əməkdaşlıq edir: “Həyata keçirildiyi gündən bu layihə Azərbaycanda böyük marağa səbəb oldu. İki il ərzində layihənin təkcə seleksiyalarına 7 min nəfərdən çox uşaq qatılıb. Bu məktəb Azərbaycanda uşaq futbolunun inkişafında və kütləvi futbolun təbliğində vacib rol oynayır. Bakıda təşkil olunan məşqlərdə fərqlənənlər Mançester şəhərinə səfər etmək, “Old Trafford” stadionunda olmaq, klubun düşərgəsində vaxt keçirmək imkanı əldə ediblər. Ümid edirəm bu layihə uzun illər davam edəcək. “Bakcell”in Azərbaycan futboluna göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Əməkdaşlığımızın gələcəkdə də müsbət nəticələr verəcəyinə inanırıq”.

E.Məmmədovun sözlərinə görə, AFFA son 7 ildə Azərbaycanda futbolun inkişaf etdirilməsi məqsədilə 153 mini futbol meydançası inşa etdirib: “AFFA bu meydançaları inşa etdikdən sonra yerli icra hakimiyyətlərinə təhvil verir. Bu tədbirlərin həyata keçirilməsində, futbolun inkişafı, bu cür meydançaların ölkədə sayının artırılmasında təkcə AFFA deyil, digər şirkətlərdə maraqlı olmalıdır”.

Qeyd edək ki, hazırda Bakı Olimpiya Stadionunda daimi fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbində 98 uşaq futbol üzrə bilik və bacarıqlarını artırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi