Yuxarı

​İordaniya Şahzadəsi: "Öz missiyamı Bakıda başa çatdırmağım həqiqətən də bir dönüş anıdır" - MÜSAHİBƏ

Azərbaycan Şərqlə Qərbi, İslamla xristianlığı, bir çox mədəniyyətləri birləşdirən körpüdür

Bakı. 13 dekabr. REPORT.AZ/ Beynəlxalq Atçılıq Federasiyasının (FEI) prezidenti, İordaniya Şahzadəsi Haya Bint Al Hüseyni Azərbaycan Atçılıq Federasiyasının rəsmi saytına müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir

- FEI-nin Baş Assambleyasının Bakıda keçirilməsini necə qiymətləndirirsiniz?

- Bizim üçün Bakıda olmaq böyük şərəfdir. Dünyada xüsusilə idman sahəsində Azərbaycanın, o cümlədən Bakının şöhrəti artır. Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin böyük dəstəyi ilə ölkədə idman inkişaf edir. Mən və biz hamımız idmanın gəncliyə və bəşəriyyətə ümumlikdə onların problemlərini birlikdə həll etmək və humanizmin təntənəsinə nail olmaqda kömək edəcəyinə əminik. Azərbaycanın idman uğurları digər sahələrdəki nailiyyətləri fonunda həqiqətən də fantastikdir. Bizim üçün burada görüşlər keçirmək imkanına malik olmaq böyük şərəfdir. Bir çox nümayəndələr (federasiyanın - red.) əvvəllər haqqında heç nə bilmədikləri şəhərinizə valeh olublar. Onlar ölkənizə gəldikdən sonra görüblər ki, Azərbaycan həqiqətən də mədəniyyətlərin, dinlərin, tarix və müasirliyin qovuşduğu məkandır. Şəhərin gözəlliyi çoxlarını heyran edib. Ümid edirəm ki, buradakı görüşümüz sayəsində Azərbaycanın, o cümlədən Bakının dostları çoxalacaq və onlarda xeyli yaxşı xatirələr qalacaq. Bunların hamısı isə federasiyamızın inkişafına yardım edəcək.

- FEI-yə 2006-cı ildən başçılıq edirsiniz və bu müddət ərzində federasiya dünyada atçılığın inkişafı sahəsində böyük uğurlar qazanıb. Nə üçün federasiya prezidenti vəzifəsindən getmək qərarına gəldiniz?

- İdman karyeramı başa çatdırdıqdan və ailə qurduqdan sonra özümü FEI prezidenti kimi sınamaq qərarına gəldim. O vaxt çoxları mənə deyirdilər ki, ərəb regionundakı gənclərin problemlərini həll etmək lazımdır. Mən anladım ki, regionun problemini həll etmək mümkün deyil, çünki həmin problemlər FEI-nin özündə var. Beləcə federasiya prezidenti olmaq qərarına gəldim. Mən bu strukturun şəffaf və ədalətli idarəçiliyini təmin etmək üçün federasiyanın fəaliyyətini dəyişməyi təklif etdim. Həmin vaxt 31 yaşında idim və beynəlxalq idman federasiyalarının rəhbərləri arasında mənim yaşda insan yox idi. Bundan başqa, mənə məlum oldu ki, mənə qədər federasiya rəhbərliyi müddətsiz olub. Buna görə də qərara aldım ki, bu vəzifədə cəmi 8 il qalacağam. Məni vəzifəyə seçənlərə bu vədi verdim və sözlərimdən geri dönməyəcəyəm. Ola bilsin ki, gələcəkdə federasiyada prezidentlik müddəti 9 və ya 12 ilədək uzadılacaq. Həttta federasiya məndən qalmağı xahiş edəndə belə vədlərimi pozmamışam. Bu vəzifəni tərk etməyimin vaxtı çatıb, lakin mənim çox dostum var və əminəm ki, federasiya hazırda yaxşı işləyir, onun gələcəyinə heç nə təhlükə törətmir.

- FEI prezidenti vəzifəsində çalışdığınız illəri necə qiymətləndirirsiniz? Dünyada bu idman növünün populyarlaşması üçün daha nə etmək lazımdır?

- İddialı insanlar həmişə daha çoxuna nail olmağa çalışırlar və mən də istisna deyiləm. Hər gün gücüm çatdığımı etməyə çalışıram, çünki bunu mənə atam öyrədib. Əgər gün surkada 24 deyil, 30 saat olsaydı, daha çox şeyə nail olardım. Bu gün əminəm ki, federasiyanın gələcəyini təmin etmək üçün bütün imkanlar var, lakin məsələ bu imkanlardan düzgün istifadə edilməsindədir. Həmişə israrlı, məsuliyyətli olmaq, daha çox şeyə nail olmağa tələsmək lazımdır. Heç vaxt əldə olunanla kifayətlənməmək çox vacibdir. Gələcək həmişə parlaqdır. Əvvəllər atçılıq idmanının inkişafını yubadan bir çox problemlər var idi. Onlar arasında atların karantini və onların daşınması ilə bağlı problemlər olub. Biz atların bir ölkədən digərinə daşınması zamanı çətinliklərlə üzləşirdik. Hazırda bu problemlər həll olunub. Və hesab edirəm ki, bu idman növü gələcəkdə də inkişaf edəcək. Fikrimcə, onun inkişafına cavabdeh olan insanlar həmişə ən yaxşısına can atmalıdırlar, çünki hər şey onlardan asılıdır.

- Üç yaşınızdan atçılıq idmanı ilə maraqlanırsınız, 13 yaşınızda isə İordaniyanı beynəlxalq yarışlarda təmsil etmisiniz. Siz 1992-ci ildə Panərəb oyunlarında medal qazanmış ilk qadınsınız, 2000-ci il Sidney olimpiadasında konkur yarışlarında çıxış etmisiniz, yığmanızın bayraqdarı olmusunuz. Sizi haqlı olaraq "Dünyada atçılıq idman növündə 1 nömrəli şəxs" adlandırırlar. Bundan başqa, "Femmes Mythiques Association" beynəlxalq asossiasiyası Sizin adınızı "Müasir dövrün əfsanəvi qadınları" siyahısına daxil edib. Sizdə atçılıq idmanına sevgi haradandır?

- Anam vəfat edəndə mənim 3 yaşım var idi. Onun ölümü mənə çox təsir etdi. Mən xoşbəxt uşaq kimi böyüdüm, lakin sonra özümə qapandım. Və o zaman atam altı yaşım tamam olanda ad günümə ən yaxşı hədiyyə vermək qərarına gəldi - o mənə dayça hədiyyə etdi. Madyan doğuş zamanı öldü və dayçanın qayğısına qalmaq lazım idi. Və mən onun qayğısına qalmağa başladım; yenidən yaşamaq, xoşbəxt olmaq istədim. Həmin vaxtdan həyatım atlarla bağlıdır. Özümü yaxşı hiss etməyəndə atları yəhərləyirəm... Bu, FEI prezidentliyim dövründə də belə olub. Atlar həyatım boyu məni müşayiət edirlər, özümü itirəndə və nə etdiyimi bilməyəndə onlar mənim yanımda olurlar.

- Sizi qələbəyə gedən yolda kim ruhlandırıb?

- Mən öz valideynlərimi erkən itirmişəm. Anam 3 yaşım olanda, atam isə 24 yaşım tamam olanda vəfat edib. Mən həmişə onlara hörmət etmişəm və onlarla fəxr etmişəm. Hiss edirdim ki, onların naminə yaşamalıyam, onların mənə bəxş etdikləri həyatı davam etdirməliyəm. Onlar atları, təbiəti sevirdilər, insanlara yalnız yaxşılıq edirdilər. Onlar mənim üçün nümunə idilər.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, qəlbinizdə atçılığın digər növlərindən olan konkura həmişə üstünlük vermisiniz. Fikriniz dəyişməyib ki?

- Xeyr. FEI prezidenti kimi, atçılığın müəyyən növləri arasında hansınasa üstünlük vermirəm. Amma mən konkurda yarışmaqla özümü ifadə edə bildim. Və federasiya üçün də mənim üstünlük verdiklərim deyil, kim olmağım vacibdir. Mən idmanın bütün növlərini sevirəm, çünki idman cəmiyyət üçün qiymətlidir. Atçılığın hər bir növü - at sürmə, cıdır yarışları və öz fəlsəfəsi olan konkur əsl incəsənətdir.

- Sizin kimi idmanda yüksək nəailiyyətlər qazanmaq istəyən idmançılara nə tövsiyə edərdiniz?

- İdmanda karyerama başladıqdan bəri çox şey dəyişib. Düşünürəm ki, mənə hər mənada daha asan idi, çünki idman daha az kommersiya xarakteri daşıyırdı. İndi hər şey başqa cürdür və daha çox idmançı daha az mükafat yerləri uğrunda yarışır. Belə yüksək səviyyəyə çatmaq üçün peşəkar olmaq lazımdır. Gənc idmançılara deyirəm: yekun nəticəyə deyil, iştiraka can atmaq lazımdır. Qarşıya məqsəd qoymaq və daim plankanı yüksəltmək lazımdır. Əgər qarşınıza məqsəd qoymusunuzsa və ona çatmaq üçün hər şey edirsinizsə, istədiyinizi almasınız belə, xoşbəxt olacaqsınız. Əsas olan qorxularınıza üstün gəlməkdir.

- Uşaqlarınız atçılıq idmanını sevirlər?

- Oğlum və qızım atları sevirlər. Oğlumun iki yaşı var, qızımın isə ötən həftə yeddi yaşı tamam oldu. Qızım atları, ümumiyyətlə, heyvanları, təbiəti sevir. Bundan başqa, basketbolu, üzgüçülüyü, qaçışı, velosiped sürməyi xoşlayır. Mən onu atçılıq idmanı məşğələlərinə istiqamətləndirmirəm. Əsas odur ki, uşaqlarımın hər ikisi idmanı sevir. Onlar anlayırlar ki, insanlar bütün günü işsiz oturmamalıdırlar və aktiv həyat tərzi sürmək lazımdır. Mən onların gündə iki-üç saat təmiz havada vaxt keçirməli olduqlarını vacib hesab edirəm və bu onların həyat tərzidir. Mənim üçün bu kifayətdir. Oğluma gəldikdə, hələlik avtomobillər daha çox xoşuna gəlir.

- Ananızı çox erkən itirdiniz. Şübhəsiz ki, sizə çox çətin idi, çünki bir çox qızlar analarına bağlı olurlar. Atanız sizə nə kimi məsləhətlər verirdi?

- Anam vəfat edəndə bir çoxları istəyirdi ki, mən hər şeydə ona bənzəyim. Valideynləri gənc yaşında itirəndən sonra hər şeydə onlara bənzəməyə çalışırsan və bu, çox çətindir. Valideynləri itirəndə başa düşürsən ki, onlar dünyada ən yaxşı insanlar idi. Və onlara bənzəmək üçün nə etsən də, sənə elə gəlir ki, bu azdır. Mən atamla fəxr edə bilərəm. O deyirdi ki, anam məni olduğu kimi sevirdi. Atam həmişə mənə özüm kimi olmağı, arzularımın arxasınca getməyi, insanlara qarşı xeyirxah olmağı, onlara hörmət etməyi məsləhət görürdü. Atam mənə bu dəyərlərə sadiq qalmağımı öyrədirdi.

- Çoxları maraqlanırlar: XXI əsrdə şahzadə olmaq necə hissdir?

- Kral ailəsinin üzvü olmaq böyük məsuliyyətdir. Bir çoxları Kral ailəsinin üzvü kimi doğulurlar və onlar üçün bir çox nəsillərdən keçib gələn dəyərləri qoruyub saxlamaq vacibdir. Belə insan ətrafındakılara hər şeyin yaxşı olacağına ümid verməli, onlara hörmətlə yanaşmalı, onların problemlərini həll etməyi bacarmalıdır. Məşhurluq onlarla pis zarafat edə bilər. Bu, hər şeydən əvvəl, məsuliyyətdir. Yadda saxlamaq lazımdır ki, həyatımızda yaxşı olan nə varsa, hamısını başqaları ilə bölüşmək vacibdir.

- Siz ərəb və ümumilikdə müsəlman dünyasında gənclər arasında səhiyyənin, təhsilin, bədən tərbiyəsinin və idmanın inkişafı üçün çox işlər görürsünüz. BMT-nin sülhməramlı səfirisiniz. Hansı gələcək planlarınız var?

- Mənim hələlik Beynəlxalq Atçılıq Federasiyasının prezidenti postundan sonra heç bir böyük planım yoxdur. Belə böyük işi tamamlayanda çoxları həyəcanla sizin gələcək planlarınızla maraqlanır. Hesab edirəm ki, həyatım daha ahəngdar olacaq, nə vaxt məni növbəti işə çağıracaqlarını gözləyəcəyəm. Belə hallarda deyirlər: bir qapı bağlananda, digəri açılır. Amma sən daim nə iləsə məşğul olanda, nəsə düşünəndə, səninlə çoxlu insan danışanda təqdim edilmiş imkanı duymaya bilərsən. Mənim iki gözəl övladım var və FEI-nin yeni prezidenti seçildikdən sonra ilk görəcəyim iş onlarla daha çox vaxt keçirmək, idmanla məşğul olmaq olacaq. Sadəcə, yaxşı ana olacağam. Mən insanlara kömək etmək istəyirəm. Hiss edirəm ki, özümü humanitar fəaliyyətə həsr edə bilərəm. Aclıq və yoxsulluqla mübarizə aparmaq kimi məsələlərlə maraqlanıram. Amma hələlik öz uşaqlarımla evdə olmağım vacibdir. Sadə dillə desək, hələlik bundan sonra nə edəcəyimi bilmirəm. Mənə FEI-nin prezidenti olmaq xoşbəxtliyi, eləcə də prezidentliyimi burada, Bakıda başa vurmaq nəsib olub. Federasiyaya səkkiz illik rəhbərlik dövründə misilsiz təcrübə əldə etdim. Atçılıq idmanı Avropada çox populyardır, lakin bunu başqa ölkələr haqqında demək olmaz. Və səkkiz ildən artıq bir müddət ərzində inkişaf edən ölkədə yaşayan müsəlman qadın kimi, insan kimi digər ölkələrdə də idmanın bu növünün sevilməsinə çalışdım. Öz missiyamı Bakıda başa çatdırmağım həqiqətən də bir dönüş anıdır. Azərbaycan Şərqlə Qərbi, İslamla xristianlığı, bir çox mədəniyyətləri birləşdirən körpüdür. Və mənim öz postumu məhz burada tərk etməyim məna kəsb edir. Bunu anlayıram və düşünürəm ki, hamı bunu başa düşür. Mən burada olduğuma görə minnətdaram və bu mənim üçün çox əhəmiyyətlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi