Yuxarı

​Almaniyada Azərbaycan Şahmat Klubu yaradılıb

Rəşad Quliyev qeyd edib ki, klubun bəzi çatışmazlıqları barədə Azərbaycan Şahmat Federasiyasına kömək üçün müraciət olunub

Bakı. 24 sentyabr. REPORT.AZ/ Almaniyanın Köln şəhərində yerləşən Alman-Azərbaycan Mədəniyyət Evi azyaşlılardan ibarət “Bakı” şahmat Klubu yaradıb.

AAME-nin icraçı direktoru Rəşad Quliyevin “Report”a verdiyi məlumata görə, təşkilatın məram və məqsədlərinə uyğun olaraq Azərbaycanın tanıdılması adına atılan bu addımın uğuru indidən müxtəlif yerli dairələrdə geniş əks-səda doğurub.

O bildirib ki, kluba əsasən orada yaşayan və Almaniyanın müxtəlif şahmat klublarında oynayan soydaşlarımız və bir neçə xarici xalqların nümayəndələri də daxildir: “Kluba şahmat üzrə Şimali Reyn Vestfaliya, Leverkuzen çempionu və bir çox beynəlxalq turnirlərin qalibi İdris Əsədzadəni və bir neçə soydaşlarımızı cəlb etməklə Almaniya Şahmat Federasiyasının da marağına səbəb olmuşuq. Azərbaycan şahmat ənənəsinin Almaniya şahmatına da töhfə verəcəyini bildirən Federasiyanın bölgə nümayəndələri bu addımımızı sevinclə qarşılayıblar. Alman-Azərbaycan Mədəniyyət Evi olaraq Klubumuza öz binamızda geniş yer vermişik. Burada klub üzvləri üçün həm dərs məşğələ otaqları, həm də kiçik turnirlər üçün şərait yaradılıb. Şahmat lövhəsi, şahmat taxtaları, müxtəlif materiallarla klubumuzu təmin etmişik. Kluba İtaliya uşaq milli komandasının baş məşqçisi, Beynəlxalq dərəcəli şahmatçı (İM) Fernando Braga və Şimali Reyn Vestfaliya üzrə müəllim İM Thomas Michalczakı məşqçi olaraq dəvət etmişik”.

Rəşad Quliyev qeyd edib ki, klubun bəzi çatışmazlıqları barədə Azərbaycan Şahmat Federasiyasına kömək üçün müraciət olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi