Ziya Rəcəbov: "İndoneziyadan Azərbaycana qızıl medalla gəlmək istəyirəm" - MÜSAHİBƏ

Ziya Rəcəbov: "İndoneziyadan Azərbaycana qızıl medalla gəlmək istəyirəm" - MÜSAHİBƏ İndoneziyada Cakarta voleybol komandası ilə müntəzəm çempionatın qalibi olan azərbaycanlı baş məşqçi Ziya Rəcəbovun Reporta müsahibəsi
Komanda
17 Mart , 2020 12:41
Ziya Rəcəbov: İndoneziyadan Azərbaycana qızıl medalla gəlmək istəyirəm - MÜSAHİBƏ

İndoneziyada "Cakarta" voleybol komandası ilə müntəzəm çempionatın qalibi olan azərbaycanlı baş məşqçi Ziya Rəcəbovun "Report"a müsahibəsi

- Ölkə xaricində nailiyyət qazandınız. Bu barədə nə deyə bilərsiniz?

- Uğurlarımız davam edir, hazırda iki turu geridə qoyduq və birinci pillədə növbəti mərhələyə vəsiqə qazandıq.  Bu isə o deməkdir ki, komanda birbaşa Asiya Çempionlar Liqasında iştirak edəcək. Bundan sonra İndoneziyada “Dördlər finalı” keçiriləcək. Aprelin 3-də yarımfinal qarşılaşmalarımız start götürəcək. Hər komanda ilə iki dəfə üz-üzə gələcəyik. Bundan sonra birinci və ikinci yerdə qərarlaşanlar final, digər iki komanda isə bürünc medal uğrunda mübarizə aparacaq. Finalda çıxış etmək şansımız realdır.

- İşlədiyiniz ölkədə çempionatın səviyyəsi necədir?

- Çempionatın səviyyəsi çox yüksəkdir. İstər azarkeşlər, istərsə də təşkilatçılıq baxımından hər şey yaxşıdır. Bir sıra tanınmış simalar burada çıxış edir. Dominikan Respublikasından və Kubadan olan məşhur voleybolçular var. Azərbaycandan Natalya Məmmədova kimi dünya ulduzu və Odina Əliyeva bizim komandadadır. Onların çıxışı bizi qane edir. Başqa klublarda da mükəmməl çıxış edən tanınmış simalar çoxdur. Çempionat çox yüksək səviyyədədir, digər ölkələrdəki yarışlardan geri qalmır.

- Komandanızda Azərbaycandan daha çox voleybolçu görmək mümkündürmü?

- Burada legioner limiti iki nəfərdir, ondan artıq transfer etmək olmur. Limit çox olsaydı, əcnəbi də çox gətirərdik. Bu da o deməkdir ki, İndoneziyadan olan voleybolçular üçün yaxşı şərait yaradılır. Bunun tətbiq olunmasının əsas məqsədi öz milli komandalarına oyunçu verməkdir. İndoneziyada yığmaya çox önəm verir, gənc və perspektivli oyunçular yetişdirmək istəyirlər.

- Necə oldu ki, ölkə xaricində işləməyə qərar verdiniz?

- 2019-cu ilin avqustunda təklif göndərdilər. Əslində iki-üç il öncə də təklif olmuşdu. Sadəcə, götür-qoy edirdim. Bu dəfə isə müqavilə imzaladıq. Sentyabrda İndoneziyanın öz çempionatı olan legionersiz liqası başlayacaq. Burada 32 komanda yarışacaq. Dekabra kimi isə 6 ən güclü klub qalacaq. Hansı ki, indi çempionatın məğzi bundan ibarətdir. 5 klub arasında iki tur oynanılır. Ondan sonra xal hesabı ilə ilk "4-lük"də olanlar “Dördlər finalı”nda mübarizə aparır. Legionerlər məhz 6 komanda olduqdan sonra dəvət olunur.

- Sizə Azərbaycandan hansısa təkliflər olubmu?

- İndoneziyaya gəlməmişdən öncə olmuşdu. Ölkəmdə son olaraq "Lokomotiv"də - hazırkı "Murov" klubunda işlədim. Ondan sonra Faiq Qarayevlə məsləhətləşdim ki, belə bir təklif olsa, qəbul edimmi? O da etirazını bildirmədi, müsbət yanaşdı. Məsləhətlər verdi, bildirdi ki, bizim məşqçiləri ölkə xaricində görmək onun üçün xoşdur.

- Yenidən Azərbaycanda işləmək ehtimalı nə dərəcədə realdır?

- Bu barədə dəqiq bir söz deyə bilmərəm. Burada qalmağımı təklif edirlər. Mən də bütün təklifləri dəyərləndirəcəyəm. Azərbaycanda niyə də olmasın?! Ölkəmə çox dəyər verirəm. Amma Vətənimdə işləməyim nə dərəcədə realdır, onu deyə bilmərəm.

- Azərbaycandan təklif olsa, hansı qərarı verərsiniz?

- Hələ ki, fikirləşmək tezdir. Koronavirusa görə bütün dünya təşvişdədir. “Dördlər finalı”ndan sonra yekun qərarımı verəcəyəm. Hansı təklif mənə uyğun olsa, onu da qəbul edəcəyəm.

- Qadınlardan ibarət Azərbaycan millisinin hazırkı durumunu necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, hazırda çox oyunçular yoxdur, bəziləri imtina edib, digərləri isə zədə səbəbindən müxtəlif yarışları buraxıb. Zaman lazımdır ki, Azərbaycanın qadınlardan ibarət millisi özünə gəlsin. Hazırda vəziyyət çox ürəkaçan deyil. Nə oyunçu yetişir, nə də hazırlanır. Aşağı yaş qruplarındakı məşqçilər və federasiya bu barədə düşünməlidir ki, bünövrə qurulsun. O olmasa, işimiz çox çətin olacaq. Ya da ki, başqa dövlətlərdən ucaboylu azyaşlı uşaqları dəvət edib onların üzərində işləməlidirlər.

- İndoneziyada koronavirusla bağlı vəziyyət necədir?

- Burada belə bir dərd, bəla yoxdur. Amma Azərbaycandakı kimi qabaqlayıcı tədbirlər görülür. Bütün obyektlər hamısı ciddi nəzarətdədir, dezinfeksiya olunur. 280 milyonluq əhalidə hələ ki, koronavirus aşkarlanmayıb. Səfirlikdən hər zaman bizimlə maraqlanır, əlaqə saxlayırlar.

- Baş məşqçi olaraq qarşıdakı hədəfləriniz nədən ibarətdir?

- İlk hədəfim “Dördlər finalı”nda yüksək nəticə göstərməkdir. Finalda çıxış etmək və Azərbaycana qızıl medalla gəlmək istəyirəm. Klubun etibarını qazanmaq və karyeramda uğur əldə etmək niyyətindəyəm. 

Son xəbərlər

Orphus sistemi