Bakı. 4 may. REPORT.AZ/ Mayın 5-də Su İdmanı Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilən su polosu üzrə "Prezident kuboku" üzrə ənənəvi beynəlxalq turniri start götürəcək.
Bu barədə "Report"a Azərbaycan Su İdmanı Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Turnirdə Azərbaycan vaterpolçuları ilə yanaşı, Moldova, Rumıniya və İsveçrə komandaları da iştirak edəcəklər. Ayın 7-dək davam edəcək yarış çərçivəsində su polosu üzrə U-19 Avropa çempionatının seçmə turniri keçiriləcək.
Qeyd edək ki, ilk qarşılaşma sabah Su İdmanı Sarayında saat 19:00 İsveçrə-Rumıniya milliləri arasında keçiriləcək. Azərbaycan vaterpolçuları isə saat 20:30-da Moldova yığması ilə qarşılaşacaqlar.