Yuxarı

"Qarabağ" klubunun rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

"Qarabağ" klubunun rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib - FOTO
Qurban Qurbanov: Müdafiə Nazirliyi tərəfindən razılıq olsa, hərbçilərimizin yanına getməyə hazırıq

Bakı. 26 fevral. REPORT.AZ/ "Qarabağ" futbol klubunun rəhbərliyi Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təşkil olunmuş yürüşlə Şəhidlər Xiyabanını ziyarət edib.

"Report"un məlumatına görə, tədbirdə klubun baş direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov, həmçinin komandanın futbolçusu, şəhid Ərşad Nadirovun oğlu Vüqar Nadirov iştirak edib.

Onlar şəhidlərin məzarları önünə qərənfillər düzərək, ehtiramlarını ifadə ediblər.

Ə.Çəlikəl jurnalistlərə açıqlamasında belə ağır gündə birlik nümayiş etdirmək üçün ziyarətə qatıldıqlarını bildirib: "Ağır gündür, soyqırım günüdür, çox üzüldüyümüz gündür. Lakin belə günlərdə birgə olmaq lazımdır. Biz də bunun üçün, birliyimizi, gücümüzü göstərmək üçün buradayıq".

Q.Qurbanov da şəhidlərə başsağlığı verib: "Əlbəttə, bu, heç birimizə xoş olan gün deyil. Bu qədər ana-bacılarımız, qardaşlarımız bizim xoşbəxt olmağımız üçün canlarından keçiblər. Həqiqətən də bu gün bizim üçün ağırdır. Amma hazırda heç nə edə bilmərik, yalnız dualarımızla onlara kömək edə bilərik. Ən azı onları yad etmək üçün bura gəlmişik. Allah rəhmət eləsin, Allah onların yaxınlarına səbr versin. Məncə, çox danışılacaq bir gün də deyil".

Baş məşqçi səngərdəki əsgərlərə də baş çəkməyə hazır olduqlarını vurğulayıb: "Dəfələrlə demişəm ki, biz həmişə cəbhədəki əsgərlərimizin yanındayıq. Həmişə hər birimiz qarşımızdakı vəzifəni yerinə yetirməyə çalışmışıq. Onlar hamımızdan artıq, ağır yükün altındadırlar. Yanlarında nadir hallarda ola bilərik. Bizim dəstəyimiz "Qarabağ" komandasını daha yaxşı səviyyəyə çatdırmaq, ölkə xaricindəki az da olsa, kiçik uğurlarımızla onlara kömək olmaq, daim onların yanında olmaq. Hər hansı problem yaranarsa, Müdafiə Nazirliyi tərəfindən razılıq olsa, hərbçilərimizin yanına getməyə həmişə hazırıq. Yəqin ki, bunu edəcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi