Noyabrda Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

Noyabrda Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək Yarışlarda gənclərə əlavə iki idman növü üzrə də mübarizə aparmaq imkanı yaradılıb
Komanda
27 Aprel , 2016 17:57
Noyabrda Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

Bakı. 27 aprel. REPORT.AZ/ Bu ilin noyabr ayında Azərbaycan Milli Paralimpiya Komitəsi və “Azercell Telecom”un birgə təşkilatçılığı ilə II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək. Şirkətdən “Report”a bildirilib ki, yarışlarda gənclərə əlavə iki idman növü üzrə də mübarizə aparmaq imkanı yaradılıb.

Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımovun sözlərinə görə, Uşaq Paralimpiya Komitəsi bu ildən etibarən görmə qabiliyyəti zəif olan idmançılar üçün qolbol idman növünü də yarışlara əlavə edib: “Bununla yanaşı, əlil arabasında rəqs idman növü də yarışlar siyahısına əlavə edilib. Gənc idmançıların bu yeni idman yarışlarına cəlb olunması istiqamətində artıq Komitə işlərə başlayıb. 50-ə yaxın idmançını öz ətrafında birləşdirən Komitə bu ilin sonuna qədər maraqlı işləri və yeni layihələri ilə idmançıları sevindirəcək”.

Ötən il keçirilən I Uşaq Paralimpiya İdman Oyunlarında yeniyetmələr cüdo, boççia, tennis və üzgüçülük idman növləri üzrə güclərini sınayıblar.

Məlumat üçün qeyd edək ki, 2014-cü ildən “Azercell” şirkətinin dəstəyi ilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsində Azərbaycanın müxtəlif bölgələrindən uşaqlar və gənclər toplaşıb. Komitədə 50-dək uşaq idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb.

Son xəbərlər

Orphus sistemi