Bakı. 22 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, iki yaş qrupunda təşkil olunan yarışda 4 komanda mübarizə aparıb.
Naxçıvan şəhər, Naxçıvan Hərbi Liseyi, Culfa və Şərur komandalarının yeniyetmə cüdoçuları medallar uğrunda yarışıblar.
U-15 komandaların mübarizəsində 71, U-18 komandalarının yarışında isə 50 cüdoçu iştirak edib.
U-15 yeniyetmələr arasında yarışda Naxçıvan şəhər komandasının cüdoçuları daha yaxşı nəticə göstərərək birinci olublar. İkinci yerə Culfa komandasının təmsilçiləri çıxıb. Şərur komandasının cüdoçuları isə üçüncü olub.
U-18 yeniyetmələr arasında mübarizədə Culfa komandası birinci, Naxçıvan komandası ikinci, Naxçıvan Hərbi Liseyi isə üçüncü olub.
Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları və medallar təqdim olunub.