Yuxarı

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi: "Yenə qol vurmaq üçün epizodlarımız oldu"

Millinin baş məşqçisi: "Yenə qol vurmaq üçün epizodlarımız oldu"

"İki fərqli hissə keçirdik. Fasiləyə qədər daha yaxşı oynadıq. Həm fiziki, həm də düşüncə baxımından rəqibi üstələdik. Meydanda müxtəlif tapşırıqları icra etməklə oyuna nəzarəti özümüzdə saxladıq".

"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva səfərdə Latviyaya 3:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra affa.az-a açıqlamasında deyib.

Braziliyalı mütəxəssis bildirib ki, Latviya yığmasının hesabı açdığı epizodda komandası müdafiədə sadə səhvə yol verib. Onun fikrincə, rəqibin xeyrinə hansısa təhlükəli hücumdan, düşünülmüş kombinasiyadan danışmaq mümkün deyil: "Əksinə, bizim qol vurmaq üçün epizodlarımız oldu. Ən əsası, fasiləyə qədər intizamlı çıxış etdik. İkinci hissədə müəyyən qədər qopmalar oldu. Üstünlüyü rəqibə verdik. Onlar doğma meydan amilindən də istifadə etməyə çalışdılar. Komandamda isə yorğunluq oldu. Bunu yol qət etməyimizlə, heyətə cəlb edilən bir neçə oyunçunun xeyli vaxtı nəzarətim altında oynamaması ilə və daha çox futzalçıya şans verməklə bağlayıram. Çatışmazlıqlara baxmayaraq, əks-hücumlarda qollar vurmaqla qələbə qazanmağı bacardıq".

Baş məşqçi ümumilikdə oyundan razı qaldığını vurğulayıb: "Səhv etməyimiz və ikinci hissədə nisbətən zəif çıxışımız, millinin xeyli vaxtdır bir yerə toplaşmaması, oyun keçirməməsi təsirsiz ötüşmədi”.

Qeyd edək ki, Latviyada təlim-məşq toplanışında olan Azərbaycan millisi eyni rəqiblə aprelin 12-də daha bir yoldaşlıq görüşü keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi