​Milli komandanın qapıçısı: "Oyun praktikası İtaliyaya qələbə qazandırdı"

​Milli komandanın qapıçısı: "Oyun praktikası İtaliyaya qələbə qazandırdı" "İnanıram ki qrupdan çıxacağıq, başqa yolu yoxdur"
Komanda
4 Fevral , 2016 20:13
​Milli komandanın qapıçısı: Oyun praktikası İtaliyaya qələbə qazandırdı

Bakı. 4 fevral. REPORT.AZ/ "İtaliya çətin rəqib idi. Sonuncu Avropa çempionudurlar. Bizə də çətin oldu. Hazırlıq keçmişik, amma güclü rəqiblə yoxlama görüşünün olmaması öz sözünü deyir". Bunu "Report"a açıqlamasında futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli deyib.

Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında İtaliya ilə keçirilmiş (0:3) qarşılaşmadan sonra 25 yaşlı qolkiper matça yaxşı başladıqlarını, ancaq qırmızı vərəqənin alınmasının oyunun dönüş nöqtəsi olduğunu bildirib: "Oyuna normal başladıq və eyni şəkildə də davam edirdi. Sadəcə, qırmızı vərəqə demək olar ki, hər şeyi həll etdi. Həmin an oyunun dönüş nöqtəsi oldu. İkinci hissəyə də səhvlərlə başladıq. İtaliya müdafiədə çox yaxşı oynayır. Biz qol vura bilmədik. Amma bir az da çalışmalıyıq. Həm ustalıq, həm də daxili çempionat oyunları öz sözünü dedi. Onların çempionatları daha güclüdür. Oyun praktikası onlara qələbə qazandırdı".

R.Hüseynli qrup mərhələsində Çexiyaya qarşı keçirəcəkləri oyundan da danışıb: "Məğlubiyyətlə başladıq, amma fikirləşmək lazımdır ki, uduzduğumuz komanda sonuncu Avropa çempionudur. Çexiya ilə oyuna qaldıqda, bu görüşdə ancaq qələbə qazanmağa köklənirik. Məşqçilərimiz onların oyununu izləyir və məlumatlar var. İnanıram ki, qrupdan çıxacağıq, başqa yolu yoxdur".

Qeyd edək ki, Azərbaycan və Çexiya futzalçıları arasındakı görüş fevralın 5-də baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi