Çində koronavirusun yayılması və bir sıra başqa ölkələrə də keçməsi ilə əlaqədar Beynəlxalq Buzüstü Xokkey Federasiyası (İİHF) bəzi yarışları təxirə salıb.
“Report” İİHF-nin rəsmi saytına istinadən xəbər verir ki, bu qərar yarış iştirakçıları və təşkilatçı qurumlar, habelə İİHF Tibb Komitəsi ilə aparılmış məsləhətləşmələrdən sonra qəbul olunub.
Nəticədə 10 - 15 fevralda Tailandın paytaxtı Banqkokda keçirilməsi nəzərdə tutulan U20 “Challenge Cup of Asia”nın, eləcə də 23 - 28 fevralda Filippinin paytaxtı Manilada qadınlar arasında təşkil olunacaq “Challenge Cup of Asia”nın əsas və Division I turnirləri ləğv edilib.
Həmçinin 27 aprel – 1 mayda Sinqapurda keçirilməsi nəzərdə tutulan “Challenge Cup of Asia” turniri ilə bağlı vəziyyəti federasiyanın izlədiyi bildirilir.
Daha əvvəl 2020-ci il U18 dünya çempionatının II Divizionunun "B" qrupunun oyunlarının Çindən Meksikaya keçiriləcəyi açıqlanmışdı.