Yuxarı

Paata Çivadze: "Gürcüstan beynəlxalq idman yarışları və turizm sahəsində Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır"

Paata Çivadze: "Gürcüstan beynəlxalq idman yarışları və turizm sahəsində Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır"
Son illərdə bizə yaxın dost və qardaş ölkə olan Azərbaycan beynəlxalq turnirlər təşkil edib

Tbilisi. 28 sentyabr. REPORT.AZ/ “Azərbaycan beynəlxalq idman yarışlarının, eləcə də idman turizminin təşkilində zəngin təcrübəyə malikdir. Qardaş və dost ölkənin bu sahədəki təcrübəsini öyrənmək bizim üçün böyük əhəmiyyət kəsb edir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Tbilisidə “İdman turizmi" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən Gürcüstanın Korporativ İdman Federasiyasının prezidenti Paata Çivadze jurnalistlərə müsahibəsində deyib.

Paata Çivadze bildirib ki, Gürcüstan hökuməti ölkədə idman turizminin inkişafında, eləcə də inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməkdə maraqlıdır : "İdman turizminin inkişafı və beynəlxalq idman tədbirlərinin təşkili hər bir ölkə, o cümlədən Gürcüstan üçün vacibdir. Bizə yaxın dost və qardaş ölkə olan Azərbaycan son illərdə birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, qadınlar arasında voleybol üzrə Avropa çempionatı və s. beynəlxalq turnirləri təşkil edib. İdman yarışlarının təşkili hər bir ölkənin iqtisadi inkişafı ilə yanaşı, beynəlxalq nüfuzunun artmasında da mühüm rol oynayır. Gürcüstan hökuməti də belə oyunları təşkil etməkdə və bununla əlaqədar beynəlxalq təcrübəni, eyni zamanda Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır”.

Konfransda iştirak edən Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov jurnalistlərə açıqlamasında bildirib ki, əsas məqsəd idman oyunlarının paytaxtda, eləcə də bölgələrdə keçirilməsi, idmançıların və tamaşaçıların respublikanın bölgələrinə səfərlərinin təşkili və bunun iqtisadiyyata təsiri barədə Azərbaycan təcrübəsini yaymaqdır: "Gürcüstanda da keçiriləcək görüşlərdə bununla bağlı söhbətlər olacaq, təcrübə mübadiləsi aparılacaq”.

Qeyd edək ki, sentyabrın 28-də Gürcüstan paytaxtı Tbilisidə “İdman turizmi" mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov konfransda çıxış edib, ölkəmizin bu sahədəki təcrübəsindən danışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi