Yuxarı

"Formula-1" üzrə 2017-ci il mövsümünün ilk mərhələsi başa çatıb

"Formula-1" üzrə 2017-ci il mövsümünün ilk mərhələsi başa çatıb
Avstraliya Qran-Prisində Ferrarinin alman pilotu Sebastyan Fettel qalib olub

Bakı. 26 mart. REPORT.AZ/ "Formula-1" üzrə 2017-ci il mövsümünün ilk mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, Melburn şəhərində təşkil olunmuş Avstraliya Qran-Prisində "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel qalib olub.

Sonrakı iki yeri "Mersedes" pilotları - britaniyalı Lüis Hemilton və finlandiyalı Valteri Bottas tutub.

Yürüş 57 dövrədən ibarət olub. Fettel 1 saat 24 dəqiqə 11,672 saniyə nəticə göstərib. Hemilton ondan 9,975 saniyə, Bottas isə 11,250 saniyə geri qalıb. 7 pilot, o cümlədən ötən il Bakıda keçirilmiş Avropa Qran Prisinin səfiri Fernando Alonso finişə çata bilməyib. "Maklaren Honda"nın ispaniyalı pilotu 50-ci dövrədən sonra dayanıb.

İlk mərhələdən sonra Fettel 25, Hemilton 18, Bottas 15 xala malikdir. Avtomobillərin mübarizəsində isə "Ferrari" 37 xalla 1-ci,"Mercedes" 33 xalla 2-ci, "Red Bull" isə 10 xalla 3-cüdür.

Mövsümün ikinci mərhələsi - Çin Qran Prisi aprelin 9-da Şanxayda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi